Rusiya və İran Çin alıcılarına satılmayan nefti böyük endirimlərlə təklif edərək tankerlərdə yığılan ehtiyatların artmasını dayandırmağa almağa çalışır.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu vəziyyət Hindistanın Rusiya neftinə olan tələbatının azalması və sanksiya təzyiqlərinin əsnasında baş verib.
Məlumata görə, Rusiya “Urals” markalı nefti “Brent” qiymətinə nisbətən təxminən 12 dollar ucuz, İranın “Iranian Light” markası isə 11 dollar endirimlə satılır. Endirimlər dekabr ayında daha az – təxminən 8–10 dollar səviyyəsində olub.
Əsas alıcılar Çinin özəl neft emalı zavodlarıdır. Lakin onların imkanları məhduddur və alımlar Pekin tərəfindən müəyyən edilmiş import kvotaları ilə tənzimlənir. Böyük dövlət müəssisələri isə Rusiyadan və İrandan yeni müqavilələrdən çəkinir. Buna baxmayaraq, fevralın ilk 18 günündə Rusiyanın Çin limanlarına göndərdiyi neft həcmi gündəlik 2,09 milyon barrelə çatıb ki, bu da yanvar ayına nisbətən 20%, dekabr ayına nisbətən isə 50% çoxdur.
Endirimlər özəl zavodlar üçün əsas stimuldur. “Bloomberg” bildirir ki, Rusiya və İran bu addımla qiymət müharibəsinə girərək məhdud Çin alıcıları üçün ən sərfəli təklif təqdim etməyə çalışır.
Sanksiyalar və bazarda tələbatın məhdudluğu səbəbindən satılmayan neft həcmi 143 milyon barrel səviyyəsinə çatıb ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən demək olar ki, iki dəfə çoxdur. Rusiya artıq Çin bazarına neftin böyük həcmdə tanker vasitəsilə göndərilməsini artırır.
Rusiyada neft istehsalı yanvar ayında ikinci ay ardıcıl azalıb ki, bu da bazarın tədricən tarazlanması və mövcud ehtiyatların satılması zərurətini göstərir.
Analitiklər bildirir ki, bu vəziyyət həm Çin üçün sərfəli alış-veriş imkanı yaratsa da, Rusiya və İran üçün bazar risklərini artırır, çünki dövlət müəssisələri neft alımlarından çəkinir və yalnız özəl zavodların həcmi məhduddur.
Cavid, BakuPost