Rusiyanın dondurulmuş aktivlərinə Moskva ilə aparılan danışıqların elementi kimi baxmaq lazımdır, bu vəsaitlər dərhal müsadirə edilməməlidir.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent “Fox Business”ə müsahibəsində deyib.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts qeyd etmişdi ki, Rusiya bankının aktivlərinin müsadirəsi kapital bazarı üçün fəsadlar yaradacaq.
O həmçinin bildirib ki, belə bir addım Belçika üçün də nəticələrə səbəb olacaq, çünki Avropada dondurulmuş Rusiya aktivlərinin əksəriyyətinin saxlandığı “Euroclear” depozitarı məhz bu ölkədə yerləşir.
Belçikanın baş naziri Bart De Vever də öz növbəsində Rusiya Mərkəzi Bankının aktivlərinin hüquqi cəhətdən toxunulmaz olduğunu bildirib. Onun sözlərinə görə, əgər bir sıra Avropa ölkələri dünyaya suveren vəsaitlərin müsadirəsi barədə siyasi qərar qəbul edə biləcəkləri siqnalını versələr, o zaman bunun “nəticələri olacaq” və digər ölkələr həmin vəsaitləri Avropa İttifaqından çıxaracaqlar.
Lalə, BakuPost