Ermənistan Konstitusiya Məhkəməsinin iyunun 7-də keçirilən seçkilərin nəticələrini tanımaqla bağlı qərarından sonra ölkənin 5 müxalif siyasi təşkilatı hakimiyyət dəyişikliyi uğrunda mübarizənin yeni mərhələsinə başladıqlarını bəyan ediblər.
"Güclü Ermənistan", "Ermənistan" blokları, "Çiçəklənən Ermənistan", "Erməni Milli Konqresi" və "Milli-Demokratik Qütb" partiyaları yaydığı birgə bəyanatda siyasi gündəliyin həyata keçirilməsi üçün səyləri birləşdirəcəklərini bildiriliblər.
Sözügedən müxalif qüvvələrin prioritet hədəfləri arasında konstitusiya dəyişikliklərinə qarşı mübarizə, Erməni Apostol Kilsəsinin qorunması və siyasi məhbusların azad edilməsi kimi məsələlər yer alıb.
Siyasi şərhçi Tural Rzayev
Bakupost.az-a bildirib ki, burada üç məsələ var:
“Bu qüvvələrin bir araya gəlməsində Rusiya maraqlıdır. Digər tərəfdən, bu qüvvələrin bir araya gəlməsi əslində Azərbaycan sülh prosesinin reallaşmasına və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı yönəlib. Azərbayanın sülhün əldə edilməsi üçün əsas şərti Ermənistanda konstitusiya dəyişikliyidir. Faktiki olaraq konstitusiya dəyişikliyinin bloklanması öz növbəsində Azərbaycanla sülh əldə edilməsinin pozulmasına gətirib çıxarır. Bu da onu göstərir ki, ola bilsin həmin şərtlərlə sülhün imzalanmasına Rusiya da hazır deyil. Həmin səbəbdən də sözügedən qüvvələri bir ətrafda birləşdirməklə ən azından indiki mərhələdə prosesin irəliləməsinin qarşısını almağı düşünür”.
Ekspert güman edir ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin Ukrayna müharibəsi bitməsilə bölgədə söz sahibliyini yenidən özünə qaytardıqdan sonra imzalanmasında maraqlıdır:
“Bu fonda da görünən odur ki, Ermənistandakı “Qarabağ klanı”, revanşistlər və Rusiyadan gələn oliqarxlardan ibarət daxili qüvvələrlə İrəvanın Qərbə inteqrasiyası istəməyən, sülh prosesinin isə öz nəzarətində olmasını istəyən Rusiyanın maraqları üst-üstə düşür”.
Rüfət Sultan,
BakuPost