Ru
15:16 / 01 Dekabr 2025

“Sanqi Sur – Zəngəzurdan keçən yol...” filmi təqdim olundu - FOTO

“Sanqi Sur – Zəngəzurdan keçən yol...” filmi təqdim olundu - FOTO
Eye

Bu gün Sosial Tədqiqatlar Mərkəzində "İpək Yolu Mədəni və Tarixi Araşdırmalar" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) tərəfdaşlığı ilə ərsəyə gətirdiyi “Sanqi Sur – Zəngəzurdan keçən yol...” sənədli filminin təqdimatı keçirilib. Filmin təqdimat mərasimində ASAN Könüllüləri, Hədəf Şirkətlər Qrupu, Azərbaycan İctimaiyyətinin tanınmış ziyalıları, diplomatik mərkəzlərin nümayəndələri iştirak edirdilər.

Bakupost.az xəbər verir ki, noyabrın 29-da Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu, "Özbəkistan və Azərbaycanda yaşayan Zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları" layihəsinin rəhbəri Aida Eyvazlı Göytürkün ssenari əsasında təqdim olunan “Sanqi Sur –Zəngəzurdan keçən yol...- sənədli filmi də türk tarixinin üstünü toz basmış, çox az araşdırılmış Zəngi tayfalarının tarixi haqqında yeni araşdırmadır. Qısa filmdə Zəngi tayfalarının ilk dəfə yaşadığı və yayıldıqları ərazilər, eybi zamanda göstərdikləri qəhrəmanlıqlar və Azərbaycana bağlılıqları barədədir. Araşdırma filmində Misirdən, Özbəkistandan və Azərbaycandan olan alimlər və araşdırmaçılar öz fikirlərini bölüşüblər. Türkoloq professor Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Ramin Əlızadə, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori, misirli araşdırmaçı Əhməd Tarbik Zəngi tayfaları haqqında əsaslı məlumatlar veriblər.

Sənədli filmin bir hissəsi həm də Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində çəkilib.

Sosial Tədqiqatlar Mərkəzində “Sanqi Sur – Zəngilandan keçən yol...” sənədli filminin nümayişindən sonra çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri cənab Maqsad Mamutkulov, Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Sancar Mahmudov bildirdilər ki, Türk Dövlətləri Təşkilatının təşəkkül tapdığı bir dövrdə belə tarixi filmin nümayiş olunması gizli türk tarixinə bir işıq salır. Mərkəzi Asiya, Misir və Azərbaycandan bəhs edən tarixi örnəklər oxşar taleli, oxşar xalqların qədim əlaqələrini sübut edir. Diplomatlar eyni zamanda filmin qırğız və özbək dilinə tərcümə edilməsinin vacibliyini vurğuladılar.

Filmin layihə rəhbəri Aida Eyvazlı Göytürk bildirdi ki, Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Özbəkistan və Azərbaycanda yaşayan Zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları" layihəsi əsasında ərsəyə gələn filmin ictimai yükü çox ağırdır. “ Sanqi Sur- Zəngəzurdan keçən yol ...” sənədli filmi həm də türk dünyasının yol xəritəsidir. Bu yolların Zəngəzurdan başlanması və ya Zəngəzura getməsinin sirrini qoruyub saxlayan kitabələrimiz, qədim arxivlərimiz vardır. Bu sənədli film açılmaq ərəfəsində olan Zəngəzura gedən ilk müjdədir. Biz başladıq ki, davamı gəlsin. Biz bir türk ailəsi kimi əl-ələ verib, eyni arzu, eyni istəklə bu yola çıxarıqsa, üstünü toz basmış tariximizin tozunu silərək, çox möhtəşəm qəhrəmanlıqları və tarixi həqiqətləri üzə çıxarmış olarıq.

Türküstan.az saytının redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin türk dünyasının ənənələrinin araşdırılmasında gördüyü işləri diqqətə çatdıraraq, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Naxçıvanda elan olunmasından, türk tarixini araşdıran ictimai birliklərə göstərdikləri etimad və dəstəkdən danışdı. Sosial tədqiqatlar mərkəzinin sektor müdiri Əfqan Vəliyev filmin bu günümüzlə\, türk dünyasının çağırışları ilə səsləndiyini, gənc nəslin yeni araşdırmalar aparması, öyrənməsi üçün gözəl dərs vəsaiti olduğunu bildirdi.

Filmin yaradıcı heyəti: Vəli Əkbər filmin redaktoru, Aida Eyvazlı Göytürk – filmin ssenari müəllifi və layihə rəhbəri, filmin quruluşçu rejissoru Vusal Orucov, rejissoru Rəna Yunuslu, operatorlar Fariz Şıxaəlizadə və Rüstəm Abdullayev, montajçı Rauf Əzimovdur.

Sonda filmin ekranlaşdırılmasına dəstək verən qurumlara “Təşəkkürnamə” təqdim olunub. Təltif olunanlar arasında BAKUPOST.AZ da yer alıb.

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi haqqında qısa arayış:
İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi 2023-cü ilin oktyabr ayında qeydiyyatdan keçib. İctimai Birlik Türk dünyasının və tarixi İpək Yolu marşrutunun üzərindən olan ölkələrlə sıx əlaqələr yaradaraq, türk dünyasının qədim tarixini, mədəniyyətini, bu tarixi və mədəniyyəti yaradan şəxsiyyətlərin həmin yollarda, məkanlarda olan izlərini araşdırır.

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB Türk Dövlətləri Təşkilatının Tərkibində olan ölkələrlə sıx əlaqələr qurur. Ötən ilin dekabr ayında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə Özbəkistanın Daşkənd şəhərində keçirilən Qeyri Hökumət Təşkilatlarının forumunda iştirak edərək, Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xalq diplomatiyası Mərkəzi ilə, eyni zaman Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq haqqında Memorandumlar imzalayıb.

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB Türk Dövlətləri Təşkilatının 2024-cü ilin iyul ayının 6-da Şuşada imzalanan Bəyannaməsində imzalanan şərtləri əsas götürərək, Bəyannamədə yazılanlara sadiqlik göstərir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar