Ermənistanda keçirilən seçkinin nəticələri Bakı ilə İrəvan arasında ikitərəfli dialoqun davam etdirilməsinə təkan verib.
Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında həftə sonu baş turan işgüzar görüşü ən azından bu aspektdə dəyərləndirmək olar.
Qeyd edək ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Habelə, iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri də diqqət mərkəzində olub.
Bundan başqa, tərəflər işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib. Ona əsasən növbəti görüş Azərbaycanda keçiriləcək.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
Bakupost.az-a bildirib ki, bu görüşün əsas məqsədi Ermənistandakı seçkilərdən sonra yaranmış yeniliklərlə əlaqədar fikir mübadiləsi aparmaq olub:
“Seçkilərdən sonra Paşinyan üçün çox fərqli olmasa da, yeni vəziyyət yaranıb. Bu əsasda yaranmış vəziyyəti dəyərləndirmək, gələcəkdə atılacaq lazımi addımlarla bağlı fikir mübadiləsinin aparılması mütləq idi və bu da baş verdi. Ola da bilsin İrəvanın sülh gündəminə aid hansısa təklifləri, yeni imkanları barədə də fikir mübadiləsi aparılıb”.
Həmsöhbətimizin sözlərinə görə, hələlik dövlət başçıları arasında görüş real görünmür:
“Seçkiqabağı dövrdə Paşinyan tərəfindən çoxsaylı bəyanatlar səslənib. Sözügedən görüşdə onlara aydınlıq gətirildiyi də istisna olunmur. Görüş iştirakçıları ehtiyac yaranarsa, ola bilsin bəyanatla da çıxış etsinlər”.
Rüfət Sultan, BakuPost