Ru
15:05 / 03 Oktyabr 2026

Səudiyyə husilərə qarşı müharibəyə başlayır: Savaş ssenarisi

Səudiyyə husilərə qarşı müharibəyə başlayır: Savaş ssenarisi
Eye

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı əməliyyat planlaşdırır.

“Bakupost” xəbər verir ki, bununla bağlı məlumatı regiondakı və qərbdəki mənbələr 'Reuters" agentliyinə bildiriblər.

Onların sözlərinə görə, iki variant nəzərdən keçirilir: Qırmızı dəniz gəmiçilik marşrutunun təhlükəsizliyini təmin etmək və ya çoxşaxəli hücuma başlamaq.

Əməliyyatın yaxın həftələrdə baş tutacağı gözlənilir. Əməliyyat Ər-Riyadın dəstəklədiyi Yəmən qüvvələri tərəfindən həyata keçiriləcək və hava hücumlarını əhatə edəcək. Səudiyyə Ərəbistanının hava qüvvələrinin dəstəklədiyi 100.000-dən çox yəmənli əsgər əməliyyat üçün səfərbər edilə bilər.

Amma mənbələr əməliyyatın dəqiq vaxtı, tərkibi və məqsədləri barədə hansısa bir əlavə məlumat verməyib.

Qeyd edə ki, sentyabrın ortalarında husilər hücuma keçərək, Qırmızı dəniz sahili boyunca bir sıra əraziləri ələ keçirməklə, Bab əl-Məndəb boğazındakı strateji Perim adasına çatıblar.
Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, son hadisələr Səudiyyə Ərəbistan silahlı qüvvələrinin effektiv mövqe sərgiləyə bilmədiklərini göstərir:

“Bunun bir neçə səbəbi var. Birincisi, Səudiyyə Ərəbistanının quru qoşunlarının ciddi döyüş təcrübəsi yoxdur. Digər tərəfdən, Səudiyyə ordusunun tərkibində və ya onunla birlikdə döyüşən muzdlu qüvvələr əsasən maddi motivasiya ilə hərəkət edirlər. Döyüşlər şiddətləndikdə isə onların döyüş mövqelərini asanlıqla tərk etməsi mümkündür.
Səudiyyə Ərəbistanının əsas üstünlüyü daha çox aviasiya sahəsindədir”.

Bu səbəbdən həmsöhbətimiz hesab edir ki, hətta 100 minə yaxın şəxsin cəlb edildiyi genişmiqyaslı hərbi əməliyyat belə, qarşı tərəfin yalnız müəyyən dərəcədə dayandırılması və ya zəiflədilməsinə gətirib çıxara bilər:

“Mən düşünmürəm ki, bu əməliyyat Səudiyyə Ərəbistanı tərəfindən yalnız hərbi məqsədlərlə həyata keçirilir. Səudiyyə Ərəbistanı son dövrlərdə müxtəlif təhlükəsizlik və hərbi məsələlərdə problemlərlə üzləşən ölkə kimi həm öz hərbi imkanlarını nümayiş etdirməyə, həm də beynəlxalq imicini bərpa etməyə çalışır.

Ekspert bu əsasda gözlənilən əməliyyatın regionda ciddi hərbi-siyasi dəyişikliyə səbəb olacağı qənaətində deyil:

“Bu hələlik real görünmür. Əsas məsələ Səudiyyə Ərəbistanının böyük sayda qüvvə cəlb etməsi deyil, həmin qüvvələrin real döyüş şəraitində nə qədər effektiv fəaliyyət göstərə bilməsidir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar