Ru
09:41 / 27 Noyabr 2026

Məmurlar bir gün də pasiyent olsalar… - İşləməyən xəstəxanaları dövlət niyə saxlamalıdır?

Məmurlar bir gün də pasiyent olsalar… -  İşləməyən xəstəxanaları dövlət niyə saxlamalıdır?
Eye

Dişi ağrıyan bir adam poliklinikaya gəlir. Ona deyirlər ki, həkim yoxdur, başqa xəstəxanaya getsin. Həkimin nə vaxt gələcəyini soruşur. Məlum olur ki, artıq bir aya yaxındır burada həkim qəbul aparmır.

Poliklinikanın əməkdaşları qarşılarındakı adamın kim olduğunu bilmirlər. Bilsəydilər, yəqin ki, münasibətləri də, cavabları da tamam başqa olardı.

Bu adam Türkiyənin Aydın Adnan Menderes Universitetinin o zamankı rektoru, professor Osman Selçuk Aldemir idi.

Hadisə 2019-cu ilin iyulunda baş verib. Universitetin Kuşadası şəhərindəki stomatoloji poliklinikasından gələn şikayətləri araşdırmaq istəyən rektor geyimini dəyişərək, şəxsi avtomobili ilə müəssisəyə yollanıb. Adi pasiyent kimi qəbul olunmaq istəyib.

Gördüyü mənzərə isə kifayət qədər düşündürücü olub. Müasir avadanlıqlarla təchiz edilmiş poliklinika bir aya yaxındır xəstələrə xidmət göstərmirmiş. Amma dövlətin vəsaiti xərclənməkdə davam edirmiş.

Rektor elə oradaca baş həkimlə əlaqə saxlayıb, poliklinikanın bağlanması və əməkdaşların başqa müəssisələrə yönləndirilməsi barədə göstəriş verib. Müəssisənin yeni həkimlərlə fəaliyyətini bərpa edəcəyini bildirib.

İllər əvvəl baş verən və bu günlərdə sosial şəbəkələrdə yenidən yayılan həmin hadisə Azərbaycan səhiyyəsi baxımından da maraqlıdır.

Görəsən, bizim səhiyyə rəhbərlərimiz də bir gün vəzifələrinin yaratdığı imtiyazlardan kənarda, sıravi vətəndaş kimi poliklinikaya, rayon xəstəxanasına üz tutsalar, hansı mənzərə ilə qarşılaşarlar?

Qəbul üçün növbə gözləsələr, həkim axtarsalar, bir kabinetdən digərinə, bir xəstəxanadan başqasına göndərilsələr, idarə etdikləri sistem haqqında təsəvvürləri dəyişərmi?

Rəhbərin qarşısına qoyulan hesabatlarla vətəndaşın xəstəxanada qarşılaşdığı mənzərə həmişə üst-üstə düşməyə bilər. Üstəlik, əvvəlcədən xəbər verilən yoxlamalarda nümayiş etdirilən xidmət səviyyəsi ilə gündəlik reallıq arasında da fərq ola bilər.

Bəzən səhiyyənin real vəziyyətini öyrənmək üçün qalın hesabatları oxumağa ehtiyac yoxdur. Sadəcə, bir xəstəxananın qapısından adi vətəndaş kimi içəri girmək kifayətdir.

Dövlət maaş verir, xəstə isə həkim axtarır

Məsələnin başqa bir tərəfi də var.

Dövlət xəstəxana tikir, onu müasir avadanlıqlarla təchiz edir, işçilərinə əməkhaqqı verir, elektrik enerjisi, istilik və digər cari xərclərini qarşılayır. Bütün bunların bir məqsədi var: vətəndaşın tibbi xidmət alması.

Əgər hansısa tibb müəssisəsində müəyyən xidmətlər aylarla göstərilmirsə, avadanlıqlar istifadəsiz qalırsa, vətəndaş başqa ünvanlara üz tutmaq məcburiyyətindədirsə, dövlətin çəkdiyi xərclər hansı nəticəni verir?

Həkimin məzuniyyətə çıxması normaldır, amma tibbi xidmətin məzuniyyətə çıxması normal deyil.

Hər işləməyən kabinetin arxasında təkcə səmərəsiz xərclənən dövlət vəsaiti deyil, həm də müayinə və müalicəsi gecikən insanlar dayanır.

İllərlə eyni problemləri yaşayan müəssisələrdə rəhbər dəyişikliyi də bəzən kifayət etmir. Belə hallarda idarəetmə modelinin özünə yenidən baxmaq lazım gəlir.

Dövlət bütün xəstəxanaları özü idarə etməlidirmi?

Niyə uzun müddət səmərəli fəaliyyət göstərə bilməyən bəzi dövlət tibb müəssisələrinin və ya ayrı-ayrı şöbələrinin idarəçiliyi açıq müsabiqə yolu ilə özəl sektora həvalə edilməsin?

Söhbət dövlət xəstəxanalarının satılmasından, özəlləşdirilməsindən və ya səhiyyənin kommersiyalaşdırılmasından getmir.

Müəssisə, bina, avadanlıq dövlətin mülkiyyətində qala bilər. Onun idarəçiliyi isə müəyyən şərtlər və öhdəliklər əsasında özəl sektora verilə bilər.

Özəl operator həkim heyətini formalaşdırar, avadanlıqların işlək vəziyyətdə saxlanmasına, xidmətin fasiləsizliyinə və keyfiyyətinə cavabdeh olar. Dövlət isə xidmətin şərtlərini müəyyənləşdirər və müqavilə öhdəliklərinin icrasına nəzarət edər.

Uğurlu təşkil olunduğu halda bu model dövlətin xərclərinin optimallaşdırılmasına, əlavə vergi və icarə gəlirlərinin yaranmasına, istifadəsiz qalan tibbi imkanların vətəndaşların xidmətinə qaytarılmasına şərait yarada bilər.

Əlbəttə, özəl idarəetmə də özlüyündə keyfiyyətli xidmətin təminatı deyil. Sahibkarın qazanc marağı vətəndaşın sağlamlıq marağını üstələməməlidir. İcbari tibbi sığorta çərçivəsində xidmətlər, tariflər və sosial öhdəliklər əvvəlcədən müəyyənləşdirilməlidir.

Bu modeli ilkin mərhələdə bir neçə problemli tibb müəssisəsində və ya şöbədə sınaqdan keçirmək mümkündür. Nəticələri müqayisə etmək də çətin deyil: dövlət nə qədər vəsait xərcləyir, neçə vətəndaş xidmət alır, pasiyentin gözləmə müddəti və tibbi xidmətin keyfiyyəti necə dəyişir?

Əgər yeni idarəetmə modeli daha yaxşı nəticə verirsə, niyə onun tətbiq dairəsi genişləndirilməsin?

Dövlətin vəzifəsi hər bir xəstəxananı mütləq özünün idarə etməsi deyil. Əsas vəzifəsi vətəndaşın keyfiyyətli və əlçatan tibbi xidmət almasını təmin etməkdir.

Azərbaycan səhiyyəsinə problemləri kabinetdən deyil, xəstənin dayandığı yerdən görə bilən rəhbərlər lazımdır. Həm də gördüyü problemləri həll etmək üçün köhnəlmiş idarəetmə üsullarını dəyişməkdən çəkinməyən rəhbərlər.

Çünki səhiyyənin uğurunu açılan xəstəxanaların, alınan avadanlıqların, təyin olunan baş həkimlərin sayı ilə ölçmək kifayət deyil.

Səhiyyənin əsl hesabatı xəstənin xəstəxanadan necə ayrılmasıdır.

BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar