Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.
Bakupost.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) spikeri Sahibə Qafarova deyib.
"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.
Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:
"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".
Spiker qeyd edib ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirib.
Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi dünənki qətnaməsinə cavab olaraq Milli Məclisin bəyanatının hazırlanması üçün komissiya yaradılıb.
Komissiyanın sədri Şahin İsmayılov, Komissiyanın üzvləri Fəzail İbrahimli, Zaur Şükürov, Pərvanə Vəliyeva və Bəhruz Məhərrəmov olub.