“Sumqayıt bayram əhval-ruhiyyəsi hiss olunmur”. Bu vəziyyətdən şikayət edən şəhər sakinləri sosial şəbəkədə etirazlarını bildirir. Onların sözlərinə görə, şəhərdə Yeni ildən sonra Novruz bayramı ərəfəsində də nəzərəçarpacaq hazırlıq işləri aparılmadı. Sakinlər gileylənir ki, Bakı ilə müqayisədə Sumqayıtın küçə və meydanlarında bayramı xatırladan dekorasiyalar, işıqlandırmalar və atributlar ya çox zəif, ya da ümumiyyətlə yoxdur. Bu səbəbdən şəhərdə Novruz ab-havası hiss olunmur, bayram günləri adi günlərdən seçilmir. Bu isə Sumqayıt əhalisində bayram əhval-ruhiyyəsinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Sumqayıt ŞİH-in mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində bayram əhval-ruhiyyəsinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib:
“Belə ki, şəhərin park və istirahət məkanları bayram atributları ilə bəzədilib, Novruzun milli-mənəvi dəyərlərini əks etdirən dekorativ elementlər quraşdırılıb.
Eyni zamanda, Novruz bayramı münasibətilə şəhərdə ümumşəhər tədbirinin təşkili də nəzərdə tutulub. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Sumqayıt şəhərində xüsusi təntənə ilə qeyd olunacaq”.
E.Qocayevin sözlərinə görə, baharın gəlişinin sevincini sakinlərlə birgə bölüşmək məqsədilə hazırlanmış genişmiqyaslı bayram proqramına əsasən, martın 18-də Sumqayıt Bulvarı ərazisində möhtəşəm ümumşəhər tədbiri təşkil ediləcək:
“Tədbir saat 12:00-da Sumqayıt Muğam Mərkəzi və Bayraq Muzeyinin qarşısında başlayacaq və bulvar boyunca müxtəlif nöqtələrdə davam etdiriləcək.
Tədbir çərçivəsində milli musiqilər, folklor nümunələri, əyləncəli səhnəciklər, müxtəlif çıxışlar və proqramlar təqdim olunacaq. Şəhər sakinləri və qonaqlar Novruzun sevincini birlikdə yaşamaq, baharın gəlişini coşqu ilə qarşılamaq imkanı əldə edəcəklər.
Bir daha bildiririk ki, Sumqayıt şəhərində Novruz bayramı yüksək səviyyədə qeyd olunması üçün bütün zəruri tədbirlər görülüb və bayram əhval-ruhiyyəsinin yaradılması təmin edilib. Sakinləri və şəhərimizin qonaqlarını təşkil olunacaq ümumşəhər tədbirində fəal iştirak etməyə dəvət edirik”.
Lalə, BakuPost