Ölkədə əhalinin qəzəb ünvanı kimi uydurulmuş, konstitusiyaya zidd olaraq yaradılmış Tarif Şurası yenə “sevindirdi”: yeni dövlət qeydiyyatına alınan 207, əvvəl qeydiyyatda olan 79 dərmanın qiymətini artırıb, amma “insaflı” davranaraq 3 adda dərmanın da qiymətini salıb.
Bakupost.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
"Tarif Şurası dərman qiymətlərinə müdaxilə etməyə başlayandan bəri ölkədə 300-ə yaxın orta-kiçik dərman satan şirkət, nümayəndəlik bağlanıb, rəqabət ölüb, inhisarçılıq artıb, qiymətlər yüksələrkən, dərmanların keyfiyyəti isə kəskin düşüb. Amma, hökumət yenə də israrla “tənzimlənən” qiymət siyasətindən əl çəkmək istəmir. Tarif Şurası başqa bir qərarla əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb – yəni, qiymətləri 50% artırıb. Təbii inhisarçı olan “Azəristiliktəchizat” ASC əhaliyə xidməti 50% yaxşılaşdırıbmı ki, qiymətləri birdən-birə 50% artırmaqla bağlı qərar verib?! Özü artırmayıb axı, qəzəb obyekti, hökuməti məsuliyyətdən yayındırmaq üçün düşünlülmüş Tarif Şurası belə bir qərar verib", - ekspert bildirib.
Asena,
BakuPost