Donald Tramp növbəti dəfə Taliban hökumətindən 2021-ci ildən əvvəlki hökumətin süqutundan sonra Əfqanıstanda qalmış 7 milyard dollar dəyərində ABŞ silahı və hərbi texnikasının geri verilməsini tələb edib. Lakin Taliban hökuməti Trampın tələbini yerinə yetirməyib.
"Bakupost" xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxi açıqlayıb.
O bildirib ki, sözügedən texnika və silahlar artıq Əfqanıstan dövlətinin mülkiyyətidir və bu barədə hər hansı sövdələşmələr aparılmır.
Bəlxi həmçinin qeyd edib ki, Vaşinqton Əfqanıstana vurduğu zərərə görə əvvəlcə özü “haqq-hesab verməli”dir.
Görəsən, Trampın tələbi yerinə yetirilməsə, onun növbəti hədəfi Əfqanıstan ola bilərmi?
Politoloq
Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Tramp son proseslər fonunda Əfqanıstana hücum etməyə cürət etməyəcək:
“Beş il bundan əvvəl ABŞ ordusu biabırcasına Əfqanıstanı tərk etdi. Hazırda isə İranla müharibədə ABŞ aciz durumdadır. Belə bir şəraitdə Trampın silahlarını geri almaq tələbi ilə Əfqanıstana da zərbələr endirməsi ağlabatan görünmür. Əfqanıstan qitənin ortasındadır, dənzə də çıxışı yoxdur. ABŞ ora hansı yolla gələcək? Antiterror əməliyyatı dövründə Pakistan ABŞ qoşunlarının Əfqanıstana hücumuna şərait yaradıb. Rusiya da həmin dövrdə ABŞ-nin addımına göz yumdu”.
Müsahibimiz hesab edir ki, indiki durumda isə heç kim ABŞ-yə bu imkanı verməyəcək:
“Çünki İranla müharibədə nəticə əldə edə bilməməsi ABŞ-ni nüfuzdan salıb. Ona görə də Vaşinqtonun növbəti hədəfinin Əfqanıstan olacağı məsələsi boş söhbətdir. Trampın bu sayaq fikirlərinə tənqidi yanaşmaq lazımdır”.
Rüfət Sultan,
BakuPost