ABŞ Prezidenti Donald Tramp köməkçiləri ilə keçirəcəyi müşavirədə İranla ilkin planda razılaşdırılmış sazişin təsdiqlənib-təsdiqlənməyəcəyinə dair mayın 29-da qəti qərar vermək niyyətindədir.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.
"Yekun qərarı qəbul etmək üçün Ağ Evdə görüş keçirəcəyəm", - deyə o vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, İranla saziş üzrə bəndlərin böyük hissəsi artıq razılaşdırılıb. Tramp, həmçinin bəyan edib ki, sazişin müddəalarına əsasən, İran nüvə silahından birdəfəlik imtina etməlidir.
"İran heç vaxt nüvə silahına və ya bombasına sahib olmayacağı ilə razılaşmalıdır", - deyə amerikalı lider yazıb. ABŞ prezidentinin fikrincə, İranla bağlana biləcək potensial saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutur və oradan keçid üçün heç bir ödəniş tələb olunmayacaq.
Saziş, həmçinin dəniz blokadasının ləğvini və Hörmüz boğazının minalardan təmizlənməsini nəzərdə tutur.
Amerikalı liderin sözlərinə görə, ABŞ artıq bu növ minaların çox hissəsini partladıb. Tramp əlavə edib ki, İran yerdə qalan və sayca çox olmayan minaların təmizlənməsi və ya partladılması prosesini dərhal başa çatdıracaq.