İlk növbədə Lindsi Qrehemin son bəyanatına diqqət yetirək: “Bu gün Prezident Tramp ilə çox məhsuldar görüş keçirtdik, bir sıra məsələlər müzakirə olundu, Prezident Tramp, mənim senator Blumental ilə birlikdə bir neçə ay üzərində işlədiyim Rusiyaya qarşı sanksiyalar haqqında iki partiyalı qanun layihəsini təsdiqlədi.
Bu hadisə vaxtında baş verdi, çünki Ukrayna sülh naminə güzəştlərə gedir, Putin isə yalnız danışır və günahsız insanları öldürməyə davam edir.
Bu qanun layihəsi Prezident Trampa Putinin hərbi maşınını qidalandıran ucuz Rusiya neftini alan ölkələri cəzalandırmaq imkanı verəcək. Qanun layihəsi Prezident Trampa Çin, Hindistan və Braziliya kimi ölkələrə güclü təsir rıçaqları verəcək və onları Putinin Ukraynaya qarşı apardığı qanlı qırğını maliyyələşdirən ucuz Rusiya neftinin alışını dayandırmağa sövq edəcək.
Ümid edirəm ki, hər iki partiyanın dəstəyi ilə səsvermə baş tutacaq və bu, bəlkə də artıq gələn həftə baş verə bilər”.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq
Kamran Cəfərov qeyd edib.
O bildirib ki, qanun layihəsinin Konqresdə müzakirəyə çıxarılmasına ən çox noyabr ayında yaxın olmuşduq:
“Həmin vaxt Qrem və Tramp bu qanun layihəsindən Rusiyaya təzyiq aləti kimi istifadə edirdilər. Daha sonra Uitkoff Moskvaya getdi və Tramp Putinin razılaşmaya razılıq verəcəyinə ümid etdiyi üçün qanun layihəsini gözlətməyi əmr etdi.
Amma bu gün biz yenidən Trampın Rusiyaya münasibətdə daha sərt xəttə keçdiyini müşahidə edirik. Zaman gedir, amma razılaşma yoxdur və Rusiya konstruktiv yanaşma nümayiş etdirmir.
Avropa, Ukrayna və ABŞ Trampın 20 maddəlik planını tam şəkildə razılaşdırıb imzaladıqdan sonra növbə Trampın Putini buna inandırmasına çatır və bu yük artıq Trampın çiynində olacaq.
Zelenskinin Floridaya son səfərindən sonra Putin gördü ki, plan üzərində iş çox yaxşı gedir və danışıqlar prosesini pozmaq üçün köhnə üsula əl atdı (guya Ukraynanın onun iqamətgahını atəşə tutması). Amma bu addımla Putin özü öz ayağına güllə buraxdı.
Bundan sonra ABŞ-ın əməliyyatı nəticəsində Maduro ələ keçirildi. Ardınca ABŞ Rusiyanın "kölgə donanmasına" məxsus tankeri həbs etdi.
Məhz bu iki hadisə, “bəs nə dəyişib ki, bu dəfə qanun layihəsi ilə bağlı nəsə fərqli olacaq?” deyənlərə cavabdır”.
Asena,
BakuPost