Ru
15:10 / 10 Sentyabr 2026

Tramp yenə Putinə isti, Zelenskiyə soyuq yanaşır: Ağ evin sahibi indi nəyə çalışır?

Tramp yenə Putinə isti, Zelenskiyə soyuq yanaşır: Ağ evin sahibi indi nəyə çalışır?
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı təəssüratlarını bölüşüb.

"Bakupost" xəbər verir ki, o, telefon danışığını yüksək qiymətləndirib.

“Biz çox yaxşı söhbət etdik. O, razılaşma əldə etmək istəyir. Zelenski də razılaşma əldə etmək istəsəydi, çox yaxşı olardı”, – Tramp bildirib. ABŞ Prezidenti Putinlə yeni ikitərəfli görüşün ola biləcəyini də istisna etməyib.

Xatırladaq ki, Tramp Ukrayna məsələsinin həllinə ilk dəfə baş vuran zaman da anoloji mövqe sərgiləyirdi. O, Prezidentlik dövrünün əvvəlində Rusiya prezidentinə təriflər yağdırsa da, Ukrayna Prezidentinə münasibətdə fərqli taktika yürüdərək, onu küncə sıxmağa çalışırdı.

Olmaya Tramp sözügedən məsələdə yenidən həmin taktikanı tətbiq etmək qərarına gəlib və burada məqsəd nədir?

Siyasi şərhçi Azər Qasımov “Bakupost” bildirib ki, Trampın anlayışı ilə nəyə yaxşı, nəyə pis qiymət verməsini anlamaq çətindir:

“O İranla da danışıqların gedişində eyni ritorikandan istifadə edirdi. “Danışıqlar yaxşı gedir, razılıq əldə olunması yaxındır” dediyi məqamda birdən-birə İranı bombalayır, sonra da iranlıları təhqir edirdi”.

Ekspert Trampın Zelenskidən niyə xoşu gəlmədiyini də açıqladı:

“Çünki Tramp Zelenskidən mümkün olmayan bir şey istəyir. O, Kiyevdən Ukraynanın torpaqlarını, ən azı Donbası Rusiyaya güzəştə gedib, ordunu həmin ərazilərdən çıxarmağı tələb edir. Zelenski isə buna gedə bilməz, əslində Ukraynada heç kim buna getməz”.

Müsahibimizin sözlərinə görə, Trampa həm də onu tərifləyən adam lazımdır ki, bu rolda da o, Putini görür:

“Putin köhnənin kəşfiyyatçısıdır. O, Trampla danışmağın yolunu bilir. Trampa da onu tərifləyən adam lazımdır”.

A. Qasımov qeyd edir ki, Tramp partiyasının aralıq seçkilərdə uduzması Putinin də marağına cavab vermir:

“Tramp Konqresə aralıq seçkilər öncəsi çox sıxışıb. Respublikaçıların məğlub olma ehtimalı böyükdür. Bu durum Putin üçün də qəbuledilməzdir. Ona görə də onların mövqeləri eynidir. Zelenski isə Avropaya arxayındır”.

Həmsöhbətimiz hesab edir ki, Rusiyadakı seçkilərdən sonra üç prezidentin görüşünün təşkil edilməsi ehtimalı böyükdür:
“Bu, böyük və nəticəsiz bir şou olmalıdır ki, Trampa xal qazandırsın. Zelenski Trampa bu yaxşılığı istəməsə də edə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar