Ru
17:57 / 29 Avqust 2026

Trampın böyük uğuru: Dünya neft istehlakının beşdə biri ABŞ-nin nəzarətinə keçir

Trampın böyük uğuru: Dünya neft istehlakının beşdə biri ABŞ-nin nəzarətinə keçir
Eye

Vaşinqton administrasiyası Venesuela ilə neft ehtiyatlarının ABŞ-nin nəzarətinə verilməsini nəzərdə tutan müqavilə imzalayıb.

“Bakupost” xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp Truth Social-da açıqlayıb.

Müqaviləyə əsasən, Venesuelanın neft ehtiyatlarının 65 milyard barelinin Amerika vergi ödəyicilərinə heç bir xərc olmadan ABŞ-nin nəzarətinə keçirilməsi təmin edilib.

Məlumata görə, tərəflər arasında əldə edilən müqavilə 17 neft yatağının işlənməsini əhatə edir. Habelə, müqavilə 100 milyard dollardan çox investisiya qoyuluşunu və dövlət üçün 209 milyard dollardan çox vergi gəlirinin təmin edilməsini nəzərdə tutur.

Görəsən, sözügedən sazişin dünya bazarında neftin qiymətinə hansı təsirləri olacaq?

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Bakupost”a bildirib ki, ABŞ ilə Venesuela arasında belə bir müqavilənin bağlanacağı gözlənilən idi:


“Onlar arasında bu istiqamətdə danışıqlar cari ilin əvvəlində başlayıb”.

Ekspert qeyd edir ki, imzalanan müqavilə nəticəsində Vaşinqtonun neft məsələsinə təsir gücü də artacaq:

“Bu müqavilə neftin dünya bazarındakı qiymətlərindən daha çox, ABŞ-nin neft qiymətlərinə təsir imkanlarını artıracaq. Yəni neft qiymətlərinin diktə edilməsində Amerikanın rolu yüksələcək. Venesuela dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir. Onunla yanaşı, ABŞ-nin də böyük neft ehtiyatları var. ABŞ gündəlik 14,8-14,9 milyon barel neft hasil edir. Venesuelanın gündəlik hasilatı isə 4-6 milyon bareldir. Deməli, Amerika gündəlik təxminən 20-22 milyon barellik hasilata nəzarət edəcək. Bu da dünya üzrə gündəlik 105 milyon barellik neft istehlakının təxminən beşdə biri deməkdir”.

N.Cəfərli hesab edir ki, bu yolla ABŞ neft qiymətlərinə təsir etməkdə hətta OPEK-i də arxada qoyacaq:

“Beləliklə, neftin qiymətinin ucuzlaşması istiqamətində müəyyən addımların atılacağı da gözlənilir. İran ətrafındakı böhran da həllini tapsa, neftin qiymətində əhəmiyyətli ucuzlaşmanın şahidi ola bilərik”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar