Türkiyə Ukrayna və Rusiyaya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoymaq və naviqasiya təhlükəsizliyini təmin etmək üçün təkliflər təqdim edib.
“Bakupost” xəbər verir ki, “Milliyet” qəzetinin məlumatına görə, bu təklif mülki gəmilər üçün ayrı marşrutlar nəzərdə tutur.
Qəzetin məlumatına görə, Ankara Ukrayna gəmiləri üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına, Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca təhlükəsizlik dəhlizi açmağı təklif edir.
Bildirilir ki, belə bir razılıq əldə olunarsa, 2022-ci ildə İstanbulda bağlanmış taxıl müqaviləsinə bənzər, lakin bütün kommersiya gəmilərini əhatə edən bir razılaşma imzalana və bu, münaqişə tərəflərini mülki gəmilərə hücumları dayandırmağa məcbur edə bilər.
Sözügedən təklifin reallaşması ehtimalı varmı?
Siyasi şərhçi
Azər Qasımov “Bakupost”a bildirib ki, Qara Dənizdə Rusiya və Ukraynanın qarşılıqlı olaraq bir-birilərinin gəmilərinə zərbələr endirməsi fonunda Türkiyənin narahatlığı başa düşüləndir:
“Rusiya və Ukrayna limanlarına daxil olan gəmilərin mənsubiyyətini bilmədən qarşılıqlı zərbələr endirməsinin məqsədi bir-birinə maksimum dərəcədə ziyan vurmaqdır. Amma arada gəmi sahibi olan ölkələr ziyan çəkir, xüsusilə də Türkiyə”.
Bu baxımdan müsahibimizin sözlərinə görə, Türkiyənin təklifi ərazidə son zamanlar yaşanan problemdən çıxış yollarından biri olsa da, bu, Rusiya və Ukraynanın planlarına uyğun deyil: “Məsələ ondadır ki, tərəflər bir-birilərinə bacardığı qədər ziyan vurmaqla iqtisadi olaraq zəiflədib müharibədə üstünlük əldə etmək istəyir. Ona görə də indiki məqamda tərəflərin Türkiyənin təklifinə razılıq verəcəklərini düşünmürəm. Çünki tərəflər hər cür itkini gözə alıblar. Bundan geri çəkilmək zəif duruma düşmək anlamına gələcək, xüsusən də Rusiya üçün.
Təbii ki, razılıq əldə olunduğu durumda Qara Dənizdə gərginlik müəyyən dərəcədə azalar. Amma indiki məqamda tərəflər gərginlikdə maraqlıdırlar”.
Rüfət Sultan,
Bakupost