“Danışıqların təxirə salınması təklifi ABŞ-dan gəlib, amma bu təklif Rusiya üçün də göydəndüşmə olub”.
Bunu
Bakupost.az-a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli əvvəlcə martın 5-nə, daha sonra isə martın 11-nə planlaşdırılan ABŞ–Ukrayna–Rusiya danışıqlarının gələn həftəyə təxirə salınmasının səbəblərini şərh edərkən deyib.
Həmsöhbətimiz bildirib ki, danışıqların təxirə salınmasının bir neçə əsas səbəbi var:
“Əsas səbəblərdən biri ABŞ və İsrailin İrana qarşı başlatdıqları müharibə ilə bağlıdır. Hazırda bütün diplomatik və hərbi diqqət məhz bu istiqamətə yönəlib. Digər tərəfdən, Tramp administrasiyası Ukrayna məsələsində yaxın zamanda ciddi razılığın əldə olunmasının mümkün olmadığını anlayıb və bu mövzunu müvəqqəti olaraq arxa plana keçirib”.
Ekspertin sözlərinə görə, Vaşinqton əvvəlcə İranın ali dini liderinin aradan götürülməsindən sonra ölkənin tezliklə təslim olacağını düşünürdü:
“Lakin proses hələ də davam edir. Bu səbəbdən ABŞ hazırda diqqətini Yaxın Şərqə yönəltməyə məcburdur. Görünən odur ki, Vaşinqton–Kiyev–Moskva arasında planlaşdırılan danışıqlar da məhz ABŞ-ın təşəbbüsü ilə təxirə salınıb”.
Q.Əlibəyli hesab edir ki, Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da bu qərara müəyyən təsir göstərib:
“Putin üçün danışıqların uzadılması və ya ümumiyyətlə baş tutmaması sərf edir. O, onsuz da bu prosesə böyük həvəslə qoşulmayıb. Bu baxımdan Trampın təklifi Rusiya üçün əslində göydəndüşmə oldu. Müharibə isə davam edir”.
Qeyd edək ki, ABŞ, Ukrayna və Rusiya arasında əvvəlcə martın 5-nə planlaşdırılan, daha sonra martın 11-nə keçirilən danışıqların növbəti raundu gələn həftəyə qədər təxirə salınıb.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff konkret tarix açıqlamasa da bildirib ki, görüş gələn həftə baş tutmalıdır. Bununla belə, təxirə salınmanın səbəbləri barədə rəsmi açıqlama verilməyib.
Rüfət Sultan, BakuPost