Gözlənildiyi kimi, İrandakı mühafizəkar dairələr Vaşinqton razılaşmasının əleyhinə çıxdılar. Mühafizəkarların əsas təmsilçilərindən biri ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İran bölgədə dəyişən şərtləri hələ də nəzərə almır:
"Emənistandakı radikallar ABŞ-ın vasitəçiliyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar. Ancaq onların “izahının” da məntiqi yoxdur. Sadəcə Minsk Qrupunun yox olmasına, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar. Üçüncü qüvvə də peyda olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməsə də, Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verib.