Ru
17:09 / 16 Yanvar 2026

“Xəbər portallarının statusu ilk dəfə rəsmiləşdirilib” – Media eksperti

“Xəbər portallarının statusu ilk dəfə rəsmiləşdirilib” – Media eksperti
Eye

“Beş il ərzində jurnalist peşəkarlığının artırılması Medianın inkişafı Agentliyinin (MEDİA) fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlər, ADA Universiteti ilə birgə proqramlar, data jurnalistikası, media etikası, süni intellektin mediada tətbiqi kimi müasir mövzular üzrə kurslar yüzlərlə media nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına xidmət edib”.


Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Bakupost.az -a verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, agentlik fəaliyyətdə olduğu müddətdə Azərbaycan media məkanında sistemli islahatların aparılması və bu yöndə innovativ tətbiqləri reallaşdırması ilə diqqət çəkib.

Onun sözlərinə görə, ilk növbədə yeniləşən media məkanının qanuni əsasları formalaşdırılıb:

“Agentliyin təşəbbüsü və iştirakı ilə hazırlanan “Media haqqında” Qanun media fəaliyyətinin hüquqi çərçivəsini yaratmaqla yanaşı, həm də media islahatları üçün “yol xəritəsi” funksiyasını icra edib. Media mühitinin saflaşdırılması, şəffaflaşdırılması yönündə atılan addımlar bu yeni qanunun verdiyi istiqamətlərə uyğunlaşdırılıb.

Qanun media tipləri üçün çox aydın standartlar müəyyənləşdirib. İlk dəfə olaraq, onlayn media subyektlərinin, xəbər portallarının statusu rəsmiləşdirilib. Həmçinin, qanunun tələblərinə uyğun olaraq, Media Reyestri formalaşdırılıb. Müəyyən edilən standartları ödəyə bilən media subyektləri və jurnalistlərin Reyestrə daxil edilməsinə başlanılıb. Bu kimi addımlar media məkanında mövcud olan xaotik durumu aradan qaldırıb. Media adından sui-istifadə hallarının qarşısını böyük ölçüdə ala bilib”.

Ekspert vurğulayıb ki, medianın iqtisadi dayanıqlığının artırılması istiqamətində də ciddi addımlar atılıb:

“Media subyektləri və fərdi jurnalistlər üçün vergi güzəştləri tətbiq edilib. Dövlət dəstəyinin həcmi artırılıb. Jurnalistlərin güzəştli ipoteka proqramına daxil edilməsinə nail olunub. Bu tip fəaliyyətlər media subyektlərinin müstəqilləşməsini, peşəkarlaşmasını və institutlaşmasını təmin edib”.

Müşfiq Ələsgərli qeyd edib ki, son illərin mühüm yeniliklərindən biri də Şuşa Qlobal Media Forumlarının təşkili olunmasıdır:

“Prezident İlham Əliyevin iştirakı ilə keçirilən bu forumların keçirilməsində agentlik mərkəzi fiqur kimi çıxış edir. Forumda dövrün media trendləri müzakirə edilir, həll üçün istiqamətlər verilir. Xüsusi olaraq, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın çağırışları, media savadlılığı kimi mövzuların müzakirəsi beynəlxalq əməkdaşlıqların genişlənməsinə və ölkə həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verib.

Media savadlılığının artırılması agentliyin fəaliyyətində ayrıca istiqamət kimi formalaşıb. “Media Savadlılığı Həftəsi”, regionlarda keçirilən maarifləndirici tədbirlər, müəllim və gənclər üçün təlimlər cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlığının gücləndirilməsinə xidmət edir.

Nəticə etibarilə, MEDİA-nın son beş ildə həyata keçirdiyi islahatlar Azərbaycan mediasında keyfiyyətcə yeni mərhələ formalaşdırıb. Hüquqi bazanın yenilənməsi, iqtisadi dəstək mexanizmləri, peşəkarlığın artırılması, beynəlxalq inteqrasiya və media savadlılığının təşviqi ölkənin müasir, rəqabətqabiliyyətli və milli maraqlara söykənən media modelinin əsas sütunlarını təşkil edir. Bu xəttin davam etdirilməsi Azərbaycan mediasının informasiya rəqabətində güclənməsini təmin edir”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar