"MİQ mənim üçün peşəkarlığımı hər il yoxlamaq və inkişaf etdirmək imkanıdır".
"Bakupost" xəbər verir ki, bu sözləri MİQ imtahanında 95 bal toplayan tarix müəllimliyi üzrə namizəd Rüfət Məmmədov “AzEdu.az”a açıqlamasında deyib.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisası üzrə məzunuyam. Magistratura təhsilim yoxdur. Artıq 19 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm və hazırda Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbində çalışıram. MİQ müsabiqəsində də uzun illərdir iştirak edirəm. Bu il imtahandan 95 bal topladım və bütün 60 sualı cavablandırdım.
İmtahanı isə 70 dəqiqəyə yekunlaşdırdım. İmtahan mənim üçün rahat keçdi. Düzdür, suallar arasında düşündürücü və çətin olanlar da var idi, lakin uzun illərin təcrübəsi və hazırlığım onların öhdəsindən gəlməyə imkan verdi. Hesab edirəm ki, MİQ imtahanında təqdim olunan suallar müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək baxımından yüksək səviyyədə hazırlanır.
Mən hər il MİQ-də iştirak etməyə çalışıram. Bunun əsas səbəbi peşəkarlığımı artırmaq və özümü daim inkişaf etdirmək istəyimdir. Müəllim daim öz üzərində işləməlidir. Bu imtahanlar da bizə biliklərimizi yoxlamaq və inkişaf istiqamətlərimizi müəyyənləşdirmək imkanı yaradır.
Gələcəkdə Bakı şəhərində yerləşən məktəblərdən birində fəaliyyət göstərmək istəyirəm. Uyğun vakansiya olacağı təqdirdə müəllimlik fəaliyyətimi burada davam etdirməyi planlaşdırıram".