ABŞ-nin Mülki Aviasiya Federal İdarəsi təyyarələrin 12 böyük hava limanında uçuş və enişini qadağan edib.
Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə Milli Biznes Aviasiya Assosiasiyasının (NBAA) rəhbəri Ed Bolen bildirib.
Məhdudiyyətlər ABŞ-də bazar ertəsi şərq vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə saat 09:00) qüvvəyə minəcək, Nyu-York, Los-Anceles, Çikaqo və Bostondakı beynəlxalq hava limanlarına da şamil ediləcək.
Mülki Aviasiya Federal İdarəsi daha əvvəl ölkənin ən işlək 40 hava limanının tutumunun 7 noyabrdan etibarən hava nəqliyyatı dispetçerlərinin iş yükünü yüngülləşdirmək üçün 10 % azaldılacağını açıqlayıb. Bu iş yükü maliyyə çatışmazlığı ucbatından hökumətin fəaliyyətini dayandırması səbəbindən artıb. Oktyabrın 1-dan ABŞ-də hava nəqliyyatı dispetçerlərinə şatdaun səbəbindən maaş verilmir.
"FlightAware" saytının məlumatına görə, həftəsonu ölkədə 4 500-dən çox kommersiya uçuşu ləğv edilib. 17 000-dən çox uçuş isə idarəetmə qüllələrində və hava hərəkətinin idarə edilməsi mərkəzlərində işçi çatışmazlığı səbəbindən təxirə salınıb.
ABŞ Senatı bazar ertəsinə keçən axşam şatdauna son qoymalı olan prosedur tədbirini təsdiqləyib.