Ukrayna ABŞ-la Patriot hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün sürətləndirilməsi və bu sistemlərin birgə istehsalına başlanması məsələsini müzakirə edir.
"Bakupost" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski bildirib.
Koretski müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara, eləcə də ABŞ-ın “Raytheon” şirkətinin rəhbər heyəti ilə görüş keçirib. Tərəflər qarşıdan gələn payız-qış mövsümü ərəfəsində Ukraynanın hava müdafiəsinin gücləndirilməsi və ölkənin müdafiə sənayesinin imkanlarının artırılması məsələlərini müzakirə ediblər.
Baş nazirin sözlərinə görə, əsas məqsəd qışa qədər Patriot raketlərinin tədarükünü sürətləndirmək, onların istehsalını genişləndirmək və Ukraynanın müdafiə-sənaye kompleksini daha da gücləndirməkdir.
Görüşdə həmçinin silah istehsalının Ukraynada lokallaşdırılması və hava hücumundan müdafiə vasitələrinin birgə istehsalı məsələləri də müzakirə olunub. Koretski bildirib ki, bu istiqamət Ukrayna və ABŞ prezidentlərinin Ankaradakı görüşündə də gündəmə gətirilib və Amerika tərəfi artıq konkret praktiki addımlar təklif edib.
Baş nazir vurğulayıb ki, hökumət bu layihələrin mümkün qədər qısa müddətdə həyata keçirilməsi üçün bütün zəruri addımları atacaq. Ukrayna eyni zamanda ABŞ lisenziyası əsasında Patriot sistemlərinin istehsalını təşkil etmək üçün Yaponiyanın dəstəyini də almağa çalışır.