Oktyabrın 26-da İraq hökuməti Sincar əyalətində fəaliyyət göstərən yezidi-kürd silahlı qrupunun ölkənin silahlı qüvvələrinə daxil edildiyini elan edib.
“Bakupost” xəbər verir ki, Sincar Müqavimət Briqadası (YBS) ABŞ, Avropa Birliyi və Türkiyə tərəfindən terror təşkilatı hesab edilən Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəlidir.
Bildirilir ki, YBS döyüşçüləri orduya tək bir briqada kimi daxil edilməyəcək, ayrı-ayrılıqda müxtəlif bölmələrə təyin ediləcək.
Qrupun təxminən 2500 döyüşçüsünün İraq təhlükəsizlik qüvvələrinə qoşulacağı gözlənilir.
Xatırladaq ki, İraq Baş naziri Əli Zeydi ötən ay İraq millət vəkili Murad İsmayılın rəhbərlik etdiyi Yezidi Alyansının nümayəndə heyəti ilə görüşdən sonra YBS-in dövlət nəzarətinə keçdiyini elan edib.
Bu addımın regiona nə kimi təsirləri olacaq?
Siyasi şərhçi Rufiz Hafizoğlu
“Bakupost”a bildirib ki, İrandakı silahlı qruplaşmaların dövlət strukturlarına inteqrasiyası olduqca önəmli məsələdir.
Müsahibimizin sözlərinə görə, bu məsələyə sadəcə Türkiyə prizmasından yanaşmaq doğru olmaz:
“Bütün hallarda sözügedən məsələ Türkiyənin maraqlarına xidmət edən amildir”.
Kürd qruplaşmalarının tərksilah edilməsinə gəldikdə, ekspert qeyd edir ki, bu əslində ən zəif bənddən başlayaraq, yuxarıya doğru daha güclü silahlı birləşmələrin tərksilah olunaraq, orduya birləşmələrinin təmin edilməsi məsələsidir:
“İraqda çoxsaylı silahlı özünümüqavimət qruplaşmaları var. Bu qruplaşmaların da 95 faizi şiə silahlı qruplaşmalarıdır ki, onları da zamanında İran xüsusi xidmət orqanları və bu ölkənin maliyyəsilə Əfqanıstan, Pakistan və qonşu ərəb ölkələrindən gətiriblər. Atılan addıma gəldikdə, bu sadəcə kürdlərin tərksilah və yaxud mərkəzi orduya inteqrasiya olunması məsələsi deyil. Bu əslində ən zəif bənddən başlayaraq, yuxarıya doğru daha güclü silahlı birləşmələrin tərksilah olunaraq, orduya birləşmələrinin təmin edilməsi məsələsidir. Bu da İraq dövlətinin özünü qoruma instintinqindən qaynaqlanır. İraq bir zamanlar ərəb dünyanının ən güclü dövləti idi. Amma Səddam Hüseyn rejiminin süqutundan sonra, İraqda daha fərqli mənzərənin şahidi olduq. Bu da məzhəbçi ritorikanın üzə çıxması ilə bağlı idi. Dolayısı ilə İraq cəmiyyəti parçalanmış hala gəldi. Belədə, ölkədəki şiə qrupları daxilində də parçalanma getdi. Nəticədə vahid İraq dövləti üçün ciddi təhlükə yarandı”.
Həmsöhbətimiz düşünür ki, xüsusən də, ABŞ qoşunlarının İraqdan çıxması fonunda silahlı dəstələrin silahları əllərində saxlamaları olduqca risqli addım olardı:
“ABŞ qoşunlarının ölkədən çıxması və şiə qruplaşmalarının bu və ya digər şəkildə orduya inteqrasiyasının özü belə gələcəkdə İraqda ciddi faciəvi nəticələrə yol aça bilər”.
Təhlükələrdən biri isə ekspertə görə, İŞİD təhlükəsinin yenidən canlana bilməsidir:
“ABŞ qoşununu çıxarır, müqavimət qrupları orduya inteqrasiya etməklə tərksilah olunur, amma buna baxmayaraq, İraq hökumətində siyasi ədalətsizlik hökm sürməkdədir. İqtisadi problem qalmaqdadır. Eyni zamanda, sünni regionlarda onların torpaqlarının müsadirəsi də baş verir.
Belə kəskin problemlərin mövcudluğu isə İraqda İŞİD terror təşkilatı, yaxud da fərqli bir yeni qruplaşmanın yenidən daha münbit hala gəlməsinə gətirib çıxara bilər”.
Rüfət Sultan,
BakuPost