Türkiyəli turistin Bakıda palçıq vulkanlarını ziyarət edərkən kiçik bir qaba vulkan palçığı topladığı görüntülər yayılıb.
"Bakupost" xəbər verir ki, kadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Onun həmin nümunədən hansı məqsədlə istifadə edəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycanın təbii sərvəti olan palçıq vulkanlarından icazəsiz nümunə götürülməsinə etiraz ediblər.
Yaranmış müzakirələrdən sonra turist sözügedən videonu sosial şəbəkə hesabından silib.
Bəs qanunvericilik bu barədə nə deyir? Turist həqiqətən də qanun pozuntusuna yol veribmi?
Mövzu ilə bağlı
"Bakupost"a hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, palçıq vulkanları dövlət tərəfindən mühafizə olunan təbiət obyektləri sırasına daxildir. Onun sözlərinə görə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanuna əsasən, xüsusi mühafizə rejimi tətbiq edilən ərazilərdə təbii sərvətlərdən istifadə və təbii mühitə müdaxilə müəyyən məhdudiyyətlərə tabedir:
"Bundan əlavə, “Yerin təki haqqında” Qanun yerin təkinin geoloji öyrənilməsi və geoloji materialların toplanması ilə bağlı hüquqi tələbləri müəyyən edir. Nazirlər Kabinetinin 22 fevral 2008-ci il tarixli 53 nömrəli qərarı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun mühafizə rejimi müəyyən edilib".
E.Məmmədov deyir ki, məsələyə hüquqi qiymət verilərkən əsas diqqət nümunənin hansı ərazidən və hansı məqsədlə götürülməsinə yönəldilməlidir:
"Əgər hadisə xüsusi mühafizə olunan qoruq ərazisində baş veribsə və nümunə müvafiq icazə olmadan götürülübsə, bu hal qanunvericiliyin pozulması kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər. Lakin turistin sadəcə kiçik miqdarda palçıq götürməsi faktı onun avtomatik olaraq qanun pozuntusu törətdiyini deməyə əsas vermir. Eyni zamanda, nümunənin kimyəvi tərkibinin analiz edilməsi özlüyündə qanunla qadağan olunmuş əməl deyil. Həmin nümunənin ölkədən çıxarılması məsələsinə isə gömrük qanunvericiliyinin tələbləri çərçivəsində ayrıca hüquqi qiymət verilməlidir.
Hesab edirəm ki, bu hadisədə hüquq pozuntusunun olub-olmadığını müəyyən etmək üçün ilk növbədə nümunənin götürüldüyü ərazinin hüquqi statusu, turistin müvafiq icazəsinin olub-olmaması və hərəkətin xarakteri araşdırılmalıdır. Yalnız bundan sonra şəxsin inzibati və ya digər hüquqi məsuliyyət daşıyıb-daşımadığı barədə əsaslandırılmış nəticəyə gəlmək mümkündür".
Lalə, BakuPost