Milli Məclisin deputatı Hikmət Babaoğlu məhkəmə hakimlərinin deputat zənglərinə cavab verməməsindən narazılığını ifadə edib.
"Bakupost" xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi hakimlərin deputat zənglərinə cavab verməkdən yayındığını, bunun isə vətəndaş şikayətlərinin araşdırılması ilə bağlı suallar yaratdığını vurğulayıb.
"Hakimlərlə əlaqə qurmaq bir qədər çətindir. Bəzi hakimlərimizdə belə qənaət var ki, millət vəkili zəng edirsə, onların işinə müdaxilə eləyir. Konstitusiyamıza görə, məhkəmə hakimiyyəti müstəqildir. Ancaq o hakimlər düşünməlidir ki, biz onların işinə müdaxilə etmirik, yanımızda şikayətçi var, ona görə zəng edirik ki, məsələni aydınlaşdıraq.
Doğrudanmı deputatların zəngi məhkəmə işinə müdaxilədir?
Hüquqşünas Qulamhüseyn Əlibəyli
“Bakupost”a bildirib ki, məhkəmə hakimiyyəti tam müstəqil olmalıdır:
“Məhkəmənin qərarlar qəbul etməsilə bağlı məsələlərdə heç kim ona zəng edib, nəsə tapşırıb, söz demək imkanına malik olmamalıdır. Konkret məsələ ilə bağlı müraciət olunursa, bu artıq məhkəmə hakimiyyətinin işinə müdaxilə kimi qiymətləndirilməlidir. Əslində, hakimlərin fəaliyyətinə müdaxilə qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur”.
Amma ekspert burada müəyyən fərqli məqamların da olduğunu dedi:
“Məsələn, məhkəmədə işə baxılmasının gecikdirilməsi, qərarların vətəndaşlara vaxtında verilməməsilə bağlı müraciətlər zamanı, deputatlar hakimlərə müraciət edə bilər. Lakin hakimlərin baxışında olan konkret iş üzrə hansısa bir məsələnin hakimə deyilməsi məhkəmə hakimiyyətinə kobud müdaxilə kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur. Hakimlər heç kimdən nə göstəriş, nə də xahiş gözləməməlidir”.
Rüfət Sultan,
BakuPost