ABŞ-nin Kentuki ştatının qubernatoru Endi Beşir (Andy Beshear) bildirib ki, dünən Luisvill Beynəlxalq Hava Limanından Havay istiqamətində qalxan “UPS” yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki. ştat qubernatoru dünən axşam keçirdiyi mətbuat konfransında, “Hazırda ən azı üç nəfərin öldüyünü bilirik. Bu sayın artacağı ehtimal olunur. Ən azı 11 yaralı var, bəzilərinin vəziyyəti ağırdır və onlar yerli xəstəxanalara yerləşdirilib”, – deyib.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı açıqlamasında, bir yük təyyarəsinin havaya qalxandan qısa müddət sonra qəzaya uğradığını təsdiqləyib. Qurumun məlumatına görə, “UPS”in 2976 saylı reysi yerli vaxtla saat 17:15 radələrində qəzaya düşüb. Təyyarənin “McDonnell Douglas MD-11” modeli olduğu və Havay adalarına uçduğu bildirilib.
“UPS” şirkəti bəyan edib ki, hadisə zamanı təyyarədə üç nəfər heyət üzvü olub, lakin ölən və ya yaralananlarla bağlı dəqiq məlumat paylaşmayıb.
Qeyd edək ki, ötən ay də Honq-Konq hava limanında bir yük təyyarəsi enmə zamanı uçuş-enmə zolağından çıxmış, nəticədə iki yerli texniki işçi həlak olmuşdu.
Cavid, BakuPost