Son zamanlar rəsmi Təl-Əviv ABŞ-nin İranla bağlı İsrailin maraqlarına cavab verməyən addımlar atacağından əndişələnməyə başlayıb.
Bakupost.az CNN-nə istinadən xəbər verir ki, İsrail ABŞ prezidenti Donald Trampın müharibəyə səbəb olan əsas məsələləri həll etmədən İranla razılaşma əldə edə biləcəyindən narahatdır.
Məlumatlara görə, İsrail tərəfi nüvə proqramını qismən qoruyan, ballistik raket məsələsini və "regional proksi qüvvələri" dəstəkləməyi kənara qoyan bir razılaşmanı yarımçıq kimi dəyərləndirəcək.
İddialara görə, İsrailin qorxduğu əsas problem Trampın danışıqlardan bezməsi və istənilən razılaşmanı son anda güzəştlərlə əldə etməsidir. İsrailin ABŞ-dəkı səfiri də bu yaxınlarda bəyan edib ki, Tramp İrana mümkün olan bütün şansları verib.
Təl-Əviv çalışır ki, İran İsrailə yönəlik düşmənçiliyə son qoysun. Nüvə silahı əldə etməsin. Uranın zənginləşdirilməsindən uzaq dayansın. Həmçinin, proksi qüvvələrə dəstəyi də dayandırsın.
Konfliktoloq Azər Hüseynov
Bakupost.az-a bildirib ki, İsrail ümumiyyətlə Trampla İran arasında genişmiqyaslı strateji razılaşmanın əldə olunmasına tam şəkildə müsbət yanaşmayacaq:
“Son qarşıdurmalar göstərdi ki, İran dövləti ağır təzyiqlərə baxmayaraq öz hərbi və siyasi dayanıqlığını qoruyub saxlaya bildi. Hətta klassik müharibədən çox, assimetrik metodlarla bölgədə müqavimət imkanlarını nümayiş etdirdi”.
Ekspert İsrailin bu narahatlığının əsaslı olduğunu düşünür:
“İranın ciddi müqavimət göstərməsi ABŞ üçün də ciddi strateji problemlər yaradıb. Vaşinqtonda artıq əvvəlki kimi vahid mövqe yoxdur. Amerika siyasi elitası daxilində İranla qarşıdurmanın davam etdirilməsi, yoxsa müəyyən kompromis modelinə keçilməsi barədə fikir ayrılığı mövcuddur”.
Həmsöhbətimizin sözlərinə görə, Tramp da məhz bu daxili mübahisələrin üzərindən manevr etməyə çalışır:
“Bəzən belə təsəvvür yaranır ki, Trampın özü də uzunmüddətli və açıq müharibə ssenarisindən yorulub. Onun yanaşması daha çox Ukrayna müharibəsində olduğu kimi “dondurulmuş qarşıdurma” modelinə bənzəyir — yəni problemi tam həll etməkdən çox, idarəolunan qeyri-müəyyən vəziyyətdə saxlamaq”.
Konfliktoloq hesab edir ki, ABŞ daxilində siyasi balans dəyişməsi ehtimalı da İsrailin qorxduğu ssenarinin reallaşmasına rəvac verə bilər:
“Gələcək parlament seçkilərində demokratlar güclənərsə və Vaşinqtonun xarici siyasət kursunda dəyişiklik baş verərsə, o zaman ABŞ ilə İran arasında daha ciddi siyasi sənədin və ya məhdud razılaşmanın imzalanması ehtimalı yarana bilər.
Hazırkı mərhələdə isə İsrailin həm regional təhlükəsizlik arqumentləri, həm də ABŞ daxilindəki təsir imkanları - xüsusilə diaspor və lobbi strukturları vasitəsilə - bu cür yaxınlaşmalara təsir göstərməyə çalışdığı hiss olunur. Digər tərəfdən, ABŞ daxilində müharibə əleyhdarları da güclənir”.
Rüfət Sultan, BakuPost