ABŞ ordusu İranın neft ixracı üçün həyati əhəmiyyət kəsb edən Xarq adasındakı 90-dan çox hərbi hədəfə silsilə zərbələr endirib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial media hesabında məlumat yayıb.
Açıqlamada gecə saatlarında həyata keçirilən genişmiqyaslı dəqiq zərbələr nəticəsində dəniz mina anbarlarının, raket saxlama bunkerlərinin və digər mühüm hərbi obyektlərin məhv edildiyi bildirilib. CENTCOM hərbi əməliyyat zamanı adadakı neft infrastrukturuna zərər dəymədiyini xüsusi vurğulayıb.
Məlumat üçün bildirək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Floridaya səfəri zamanı jurnalistlərə açıqlamasında Xarq adasındakı hərbi hədəflərin vurulduğunu təsdiqləmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücumlar nəticəsində paytaxt Tehran da daxil olmaqla bir çox strateji şəhər bombardman edilib, bölgədə hərbi gərginlik ən yüksək həddə çatıb.