2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı üzrə göstəricilər təqim edilib.
Bu göstərici üzrə nominal əmək haqqının ən yüksək olduğu şəhər və rayonların siyahısına Xankəndi şəhəri başçılıq edib. Burada göstərici 1 658,8 manat olub.
Siyahıda 1543,6 manatla ikinci yerdə Daşkəsən rayonu, üçüncü yerdə isə 1479,4 manatla Bakı şəhəri qərarlaşıb.
"Bakupost" Trend-ə istinadən xəbər verir ki, bu barədə 2026-cı il oktyabrın 1-nə olan vəziyyətə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin sayı, orta aylıq nominal əmək haqqı və qeydiyyata alınmış işsiz şəxslərin sayına dair statistik məlumatlarda bildirilib.
Məlumata görə, ölkə üzrə orta aylıq nominal əmək haqqı 1 172,7 manat olub. Bu göstərici Xankəndidə ölkə ortalamasından 486,1, Daşkəsəndə 370,9, Bakıda isə 306,7 manat yüksəkdir.
Qeyd edək ki, sonrakı sıralamada da işğaldan azad edilmiş rayonlar üstün mövqeyə malikdirlər. Belə ki, Şuşa rayonu üzrə göstərici – 1 144,7 manat, Xocalı rayonu üzrə–1 138,8 manat və Zəngilan rayonu üzrə isə 1 089,8 manat təşkil edib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli
“Bakupost”a bildirib ki, Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısında Xankəndinin birinci, Daşkəsənin ikinci, Bakının isə üçüncü yerdə qərarlaşması ilk baxışdan təəccüblü görünə bilər:
“Çünki iqtisadi fəallığın, istehsalın, xidmət sektorunun və iri müəssisələrin əsas hissəsi Bakıda cəmləşib. Lakin burada bir məqamı nəzərə almaq lazımdır, orta əməkhaqqı göstəricisi iqtisadiyyatın ümumi həcmini və ya ərazidə yaradılan iş yerlərinin sayını deyil, həmin ərazidə muzdla çalışanların orta qazancını əks etdirir”.
Müsahibimiz hesab edir ki, Xankəndinin birinci yerdə olmasını ilk növbədə buradakı əmək bazarı strukturunun xüsusiyyətləri ilə izah etmək olar:
“Şəhərdə çalışanların sayı Bakı ilə müqayisədə xeyli azdır. Eyni zamanda, dövlət qurumları, tikinti və infrastruktur layihələri, bərpa-quruculuq işləri, eləcə də müxtəlif xidmət sahələrində çalışanların əməkhaqqı səviyyəsi orta göstəriciyə ciddi təsir edə bilər. Əgər muzdlu işçilərin ümumi sayı azdırsa və onların arasında yüksək maaş alanların xüsusi çəkisi böyükdürsə, bu, orta əməkhaqqını əhəmiyyətli dərəcədə yüksəldir. Deməli, Xankəndinin birinci olması heç də orada əhalinin böyük əksəriyyətinin Bakıdan daha yüksək gəlir əldə etməsi demək deyil”.
Ekspertə görə, Daşkəsənin ikinci yerdə qərarlaşması isə daha çox rayonun sənaye profili ilə əlaqələndirilə bilər:
“Daşkəsən Azərbaycanın dağ-mədən sənayesi baxımından mühüm ərazilərindən biridir. Filiz hasilatı və emalı, mədən sənayesi, iri istehsal müəssisələrində çalışan mütəxəssislərin əməkhaqqı bir çox digər iqtisadi fəaliyyət sahələri ilə müqayisədə yüksək olur. Bu sahələrdə əməkhaqqının ölkə üzrə orta göstəricidən yüksək olması rayonun ümumi statistikasına da təsir göstərir. Yəni burada yüksək orta əməkhaqqının əsas səbəblərindən biri sənayenin spesifikasıdır”.
Paytaxta gəldikdə, mərkəz sədrinin sözlərinə görə, Bakıda yüksək əməkhaqqı alanların sayı çox olsa da, aşağı və orta maaşlı işçilərin də ümumi məşğulluqda böyük paya malik olması orta göstəricini müəyyən qədər aşağı salır:
Paytaxtda iqtisadiyyat daha çox şaxələnib. Burada yüksək maaşlı neft-qaz, maliyyə, telekommunikasiya və digər sahələrlə yanaşı, ticarət, ictimai iaşə, nəqliyyat, xidmət və digər nisbətən aşağı əməkhaqqı olan sahələrdə də yüz minlərlə insan çalışır. Bu müxtəliflik orta göstəriciyə təsir edir”.
Həmsöhbətimizə görə orta nominal əməkhaqqı göstəricisini əhalinin real rifahının birbaşa ölçüsü kimi qəbul etmək düzgün deyil:
“Bu rəqəm qiymət artımını, yaşayış xərclərini, işsizliyi, qeyri-formal məşğulluğu və ailələrin ümumi gəlirlərini əks etdirmir. Həmçinin orta göstəricinin yüksək olması həmin ərazidə çalışanların əksəriyyətinin bu məbləğdə maaş alması anlamına gəlmir. Daha obyektiv müqayisə aparmaq üçün median əməkhaqqına, məşğul əhalinin sayına və iqtisadi fəaliyyət növləri üzrə maaş bölgüsünə də baxmaq lazımdır.
Nəticə etibarilə, Xankəndinin liderliyi daha çox əmək bazarının strukturu və işçilərin sayının nisbətən az olması, Daşkəsənin yüksək mövqeyi sənaye sektorunun xüsusiyyətləri, Bakının üçüncü yerdə qərarlaşması isə iqtisadiyyatın çoxşaxəli olması ilə izah edilə bilər”.
Rüfət Sultan,
BakuPost