ABŞ müharibə başlayandan bu günə qədər hələ də çalışır ki, İranda “praqmatik” bir şəxs hakimiyyəti ələ keçirsin.
Hələ müharibənin ilk günlərində ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirmişdi ki, İran üçün ən yaxşı seçim "daxildən birinin" hakimiyyəti ələ keçirməsi olacaq.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqtonda belə bir fiqur rolunda İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı görürlər.
Hansı ki, 2005-2013-cü illərdə İranın prezidenti olan Əhmədinejad ABŞ və İsrailə qarşı kəskin çıxışları ilə seçilirdi.
Siyasi şərhçi
Arif Əliyev Bakupost.az-a bildirib ki, indilikdə Amerikanın İranda hakimiyyətə gətirilməsi üçün konkret hansısa bir şəxsin üzərində dayandığının hər hansı bir əlaməti müşahidə edilmir:
“ABŞ-nin İranla bağlı konkret planı var və Ağ Ev ona uyğun olacaq şəkildə də istənilən anda fikrini dəyişə bilər. Vaşinqton belə yanaşmanı dəfələrlə nümayiş etdirib. Hər hansı bir mətbu orqanda kimlərinsə adının çəkilməsi hələ heç nə demək deyil. Belə adlardan hələ çox çəkiləcək. Ağ Evdə fikirlərin tez-tez dəyişməsi, tez-tez yeni-yeni təkliflərin ortaya çıxması öz əksini mətbuatda da tapır. Bəzən də hətta olmayan ehtimallar da irəli sürülür”.
Siyasi şərhçi Mehman Əliyev ABŞ-nin hazırkı gündəmində İranda hakimiyyət dəyişikliyi məsələsinin olduğunu düşünmür:
“Hazırda o vəziyyət deyil. Ona görə belə bir planın olduğunu düşünmürəm”.
Bununla belə, ekspert növbəti mərhələdə sözügedən planın gündəmə gələ biləcəyini istisna etmədi:
“Amma həmin şəxsin kim olub-olmayacağı başqa məsələdir. Həmin şəxs bütün hallarda İran cəmiyyətində böyük nüfuza malik olmalıdır. Hazırda İran cəmiyyətində belə bir şəxs yoxdur”.
Həmsöhbətimiz bu əsasda Ağ Evin Əhmədinejada etimad göstərəcəyinə inanmır: “Əhmədinejad o şəxs deyil ki, cəmiyyət tərəfindən ona böyük etimad göstərilsin”.
M. Əliyev Azərbaycan faktorunu nəzərə almadan bu məsələnin həllini də mümkünsüz sayır:
“Nəzərə alaq ki, İranda Azərbaycan faktoru kifayət qədər güclüdür. ABŞ-nin etimad göstərdiyi hər kim olsa da, gərəkdir ki, Azərbaycan toplumu ona razılıq versin”.
Rüfət Sultan, BakuPost