“Mənim Gürcüstana səfərim vətəndaş cəmiyyətinin iştirakı ilə bağlıdır, hər bir demokratik sistemdə insanlara seçim azadlığı verilməlidir”.
Bakupost.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri və ATƏT-in hazırkı sədri Elina Valtonen Tbilisidə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Valtonenin sözlərinə görə, vətəndaş cəmiyyəti sabitliyə təhlükə deyil və qeyri-hökumət təşkilatları qorunmalıdır:
“Görüş zamanı ATƏT çərçivəsində iştirakçı ölkələrin üzləşdiyi bir sıra ciddi məsələləri qaldırdım. Bunlara vətəndaş cəmiyyəti, media və demokratik idarəetməni məhdudlaşdıran qanunvericilik təşəbbüsləri, eləcə də son dövrlərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər daxildir. Müxalifət liderlərinin qeyri-proporsional hüquqi prosedurlar nəticəsində həbsini pisləyirik. Fikir və toplaşma azadlığı sual altındadır. Vətəndaş cəmiyyəti sabitliyə təhlükə deyil, əksinə, qeyri-hökumət təşkilatları, insan hüquqları müdafiəçiləri, jurnalistlər və digər qurumlar demokratik dözümlülüyün əsas hissəsidir. Onlar innovasiyaları təşviq edirlər. Onların səsi təkcə eşidilməməli, həm də qorunmalıdır.
Məhz buna görə mənim Gürcüstana səfərim vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqəyə yönəlib. Çox vacibdir ki, hər bir demokratik cəmiyyətdə insanlara seçim azadlığı verilsin. Bu, Gürcüstan üçün də keçərlidir, Gürcüstan xalqı öz gələcəyini özü seçməlidir”.