Azərbaycanda bank kartları ilə bağlı rəqəmsal fırıldaqçılıq halları artır. Təkcə bu ilin III rübündə ölkədaxili əməliyyatlar üzrə 1,6 milyon manatdan çox vəsait mənimsənilib. Fırıldaqçılıq əməliyyatlarının təxminən 98 faizinin elektron ticarət və mobil tətbiqlər vasitəsilə aparılması problemin əsasən rəqəmsal mühitdə cəmləşdiyini göstərir.
Bank-maliyyə eksperti Əkrəm Həsənov
“Bakupost”a bildirib ki, belə halların əksəriyyətində vətəndaşlar kart məlumatlarını dələduzlara özləri ötürürlər. Onun sözlərinə görə, fırıldaqçılar müxtəlif zənglər və aldatma üsulları ilə insanlardan kart məlumatlarını əldə edir, bəzən isə vətəndaşlar şübhəli saytlarda alış-veriş edərkən bu məlumatları paylaşırlar.
Ekspert qeyd edib ki, vətəndaş kart məlumatlarını özü təqdim edibsə, bu halda bank məsuliyyət daşımaya bilər.
Bununla belə, Ə.Həsənov bankın da məsuliyyət daşıdığı halların mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, müştəri kart məlumatlarını heç kimə vermədiyi halda hesabından pul çıxarılıbsa, bu, bankın informasiya təhlükəsizliyi sistemindəki boşluqlardan, haker hücumlarından və ya bank əməkdaşlarının qanunsuz əməllərindən qaynaqlana bilər.
Ekspert bildirib ki, belə vəziyyətdə vətəndaş məhkəmə yolu ilə bankdan pulun geri qaytarılmasını tələb etməlidir. Əgər kart məlumatlarını özü dələduzlara veribsə, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. Lakin Həsənovun sözlərinə görə, dələduzların bir çoxunun xaricdə olması onların müəyyənləşdirilməsini və tapılmasını çətinləşdirir.
Vüsalə Hüseynova,
BakuPost