Yay mövsümündə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin bir qismi avtobusların əvvəlki aylarla müqayisədə daha gec gəldiyini və gözləmə müddətinin artdığını bildirirlər. Xüsusilə səhər və axşam saatlarında sərnişinlər avtobus intervallarının uzanmasından narazılıq edirlər.
Maraqlıdır, həqiqətən də yay mövsümündə avtobusların hərəkət intervalı artırılır? Gecikmələrin səbəbi nədir?
"Bakupost" xəbər verir ki, Bizim.Media mövzuyla əlaqədar "BakuBus"MMC və "Xaliq Faiqoğlu" MMC şirkətlərinə sorğu ünvanlayıb.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva sorğumuza cavab olaraq bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq şirkətin istismarında olan müntəzəm marşrut xətlərində avtobusların hərəkət intervallarında hər hansı artım və ya xüsusi yay rejimi tətbiq edilməyib:
"Marşrutlar üzrə hərəkət intervalı sərnişin tələbatı, əməliyyat şəraiti və təsdiq edilmiş hərəkət qrafiklərinə uyğun olaraq tənzimlənir. Hazırda avtobuslar mövcud qrafik əsasında sərnişinlərə xidmət göstərməkdə davam edir.
Əksinə, yay mövsümündə bəzi istiqamətlər üzrə artan sərnişin tələbatı nəzərə alınaraq xidmət həcmi genişləndirilir. Belə ki, 18 iyul tarixindən etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə “Sea Breeze” istirahət mərkəzini birbaşa əlaqələndirən 150E nömrəli ekspres marşrut xətti istifadəyə verilib".
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev isə açıqlamasında qeyd edib ki, müntəzəm marşrut xətləri üzrə avtobusların sayı və intervallar tələbata uyğun tənzimlənir:
"Müşahidələr göstərir ki, iyul-avqust aylarında sərnişin axını kəskin azalır. Bu 2 ay ərzində yollarda tıxaclar da xeyli azalmış olur. Bu səbəbdən avtobusların hərəkət intensivliyi artır".