Ru
17:54 / 15 Dekabr 2023

7 fevral seçkisi: xarici müdaxilə planı, ehtimal olunan təxribatlar və zəruri qərar

19916
Məlum olduğu kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiqləyib. Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən, hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb. Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin olunub.





MSK sədri Məzahir Pənahovun sözlərinə görə, 2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq. 2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq. Yanvarın 31-dək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşacaq. Səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşmalıdır:

“2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkiləri ilə əlaqədar 2024-cü il yanvarın 18-dək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək. Gələn il yanvarın 28-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunacaq”.

Məzahir Pənahov qeyd edib ki, azad edilən ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səs verəcək. Azad edilən ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək:


“Hərbi hissələri nəzərə alsaq, azad edilən ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”.

Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu deyib:

“Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub. Müəyyən qərəzli münasibət görəndə də, bunu açıq şəkildə müzakirə edirlər. Yenə də müzakirələrimiz açıq olacaq. Beynəlxalq təşkilatlar hansı məsələ qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik ki, proseslərdə iştirak etsin. Burda yaradılan şəraitdən istifadə etməyib, gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bundan istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.






Növbədənkənar Prezident seçkiləri bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Sadəcə olaraq, bu zaman seçicilər öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edirlər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir.


Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər.


Hakim Yeni Azərbaycan Partiyası artıq namizədini müəyyən edib. Belə ki, bu gün YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olması barədə qərar qəbul edilib.




Politoloq Qabil Hüseynli qeyd edib ki, hazırda Prezident İlham Əliyevin reytinqinin ən yüksək nöqtəsindədir. Belə reytinqlə seçkiyə getmək onun rəqibləri üzərində aşkar qələbə çalmasına səbəb olacaq. Bununla yanaşı, 2024-cü ildə bir sıra ölkələrdə - ABŞ və Rusiyada prezident, İranda isə parlament seçkiləri olacaq. Beynəlxalq aləmin təmsilçisi olan bir çox ölkələrin başı seçkilərə qarışmış olacaq. Belə olan təqdirdə xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmaq imkanları məhdudlaşacaq:


“Biz rahat şəkildə öz seçkimizi keçirə biləcəyik. Əli Kərimli kimi adamlar deyir ki, İlham Əliyev niyə cəmiyyətlə məşvərət etmədən bu qərarı verib. Çox cılız yanaşmadır. Bu adamlar bilmir ki, belə qərarı vermək birbaşa Prezidentin səlahiyyəti daxilindədir? Konstitusiyanın 108-ci maddəsinə əsasən, Prezidentə bu hüquq verilir. Bundan əvvəlki prezident seçkiləri də növbədənkənar olmuşdu. Hazırda fəaliyyətdə olan parlament də növbədənkənar seçilib. Əgər bu adamlar seçkidə iştirakdan qorxurlarsa, özlərinə başqa bəhanə tapsınlar, ya da zəif olduqlarını açıq etiraf etsinlər”.

Politoloqun sözlərinə əsasən, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.



Millət vəkili Arzu Nağıyev deyib ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş praktikadır:


"Bu mərhələdə vətəndaşlar sadəcə olaraq, öz siyasi iradələrini vaxtından əvvəl ifadə edirlər. Əsas məsələ ondan ibarətdir ki, seçkiləri qabağa çəkmək konstitusiyaya uyğundur. Ən mühüm məqamlardan biri də odur ki, seçkilər ilk dəfə olaraq, işğaldan azad olunmuş ərazilərə də şamil olunacaq. Həm də deyə bilərik ki, 7 fevral 2024-cü il tariində Zəfər seçkisi keçiriləcək. İlham Əliyev qalib xalqın qalib prezidentidir. Bu gün hər bir azərbaycanlının səsləndirdiyi "Qarabağ Azərbaycandır!" şüarı işğaldan azad olunan ərazilərdə görülən quruculuq işlərinin fəal dəstəklənməsidir. Ölkənin hər yerində islahatlar aparılır. Bu gün Azərbaycan xalqının özünə inamı var".


A.Nağıyevin sözlərinə görə, növbədənkənar seçkilər Prezident İlham Əliyevin özünəinamından irəli gəlir:


"Prezident İlham Əliyev verdiyi hər sözün üstündə durur. Növbədənkənar seçkilərlə davamlı islahatları, müstəqil dövlət olaraq Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərə siyasi sistemi gücləndiməkdə israrlı olduğumuzu göstərməyə çalışırıq. Bu istiqamətdə olduqca ciddi addımlar atırıq. Düşünürəm ki, ədalətli seçki şəraiti təmin edilir”.




Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyev həm ölkədə, həm də dünyada baş verən prosesləri çox diqqətlə təhlil edən, izləyən bir insan kimi belə bir müdrik addım atdı və növbədənkənar Prezidenti seçkilərinin keçirilməsi haqqında sərəncam imzaladı. Belə bir addımın atılmasına zərurət var idi və Prezident də bu addımı atdı. Bu gün həm dünya, həm ölkəmiz ciddi çağırışlarla üz-üzədir. Eyni zamanda, bu gün Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir. Hesab edirəm ki, bu addım Prezidentin növbəti uzaqgörən və müdrik qərarının nəticəsidir:

“Dünya nizamı artıq pozulub, yeni nizamın qurulması isə hələ bir müddət çəkəcək. Bu da reallıqdır ki, bu gün beynəlxalq təşkilatların fəaliyyətində ədalətsizlik, dünyada baş verən hadisələrə ikili standartlarla yanaşma getdikcə daha da geniş vüsət alır. Bu gün təəssüf ki, haqsızlığa və təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkar və terror törədən dövlətlər dəstəklənir. Biz bunu 30 il ərzində açıq-aydın gördük. Ancaq bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə sinə gərərək öz möhtəşəm Qələbəsini təmin etdi. Təəssüf ki, ölkəmiz hər zaman olduğu kimi, bu gün də eyni ədalətsizlik və haqsızlıqlarla üz-üzədir. Ancaq bütün bunlar bizi haqq yolundan və başladığımız müqəddəs missiyadan çəkindirə bilməz”.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ildə Prezident İlham Əliyev nəinki bölgədə, bütövlükdə dünyada yeni reallıq yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkədə yeni prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin müdrikliyinin və uzaqgörənliyinin növbəti parlaq təzahürüdür. Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz Liderinə sadiqliyini nümayiş etdirəcək”.





Millət vəkili Azər Badamov vurğulayıb ki, növbədənkənar Prezident seçkiləri müstəqil dövlətimizin son 33 illik tarixində bütün ərazilərində suverənliyini təmin edərək keçirilən ilk seçkidir:


“Keçiriləcək növbədənkənar Prezident seçkiləri regionda yaratdığımız yeni reallığın Zəfər seçkisidir. İndi üçrəngli dövlət bayrağımız Xankəndidə və digər ərazilərdə dalğalanır. Azərbaycan dövləti bugünki qədər tarixdə heç vaxt güclü olmayıb. 7 fevralda keçiriləcək seçkilərdə iştirak etmək istəyən hər bir şəxs üçün tam demokratik mühit mövcuddur. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Mən əminəm ki, xalqımız bu seçkilərdə də qalib sərkərdə İlham Əliyevi dəstəkləməklə ölkəmizdəki monolit birlik və həmrəyliyini bütün dünyaya bir daha nümayiş etdirəcək. Bu seçki, həm də Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.





Millət vəkili Zahid Orucun sözlrinə görə, Prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəni qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir:

"Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsl ümumxalq referendumu idi. Yəni, müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb”.





Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim altı ali konstitusion niyyətimizdən biridir. Biz real müstəqilliyimizin 30-cu ilində, nəhayət ki, bu ali niyyətlərimizə nail ola və bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir. Tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq:

"Bu mənada, fevralın 7-nə müəyyənləşən növbədənkənar Prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq. Azərbaycan xalqı yaxşı anlayır ki, bu siyasətin alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcək”.

Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar