Türkiyənin müdafiə naziri Yaşar Güler 30 noyabrda ABŞ-da amerikalı həmkarı Pit Heqsetlə danışıqlar aparacaq.
“Bakupost” xəbər verir ki, “Bloomberg”in məlumatına görə, görüşün əsas mövzularından biri Ankaranın Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı uzun müddətdir davam edən fikir ayrılığının həlli olacaq.
Ankara mübahisəli məsələni Demokratlar Partiyası ABŞ Konqresinə nəzarəti ələ keçirənə, yəni 2027-ci ilin yanvarın əvvəlinə qədər həll etməyə ümid edir.
Türkiyə Parlamentinin Xarici İşlər Komitəsinin sədri Fuat Oktay bildirib ki, demokratlar Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı daha sərt mövqe tuta bilərlər.
O, ABŞ, Türkiyə və Rusiya arasında S-400 məsələsi ilə bağlı danışıqlarda artıq əhəmiyyətli irəliləyiş əldə edildiyini də diqqətə çatdırıb. Lakin həmin irəliləyişin təfərrüatlarını açıqlamaqdan imtina edib.
Görəsən, S-400-lə bağlı əldə edilən əhəmiyyətli irəliləyiş özündə nəyi ehtiva edir?
Siyasi şərhçi Abutalıb Səmədov
“Bakupost”a bildirib ki, S-400 raket sistemlərilə bağlı Türkiyənin bir sıra problemləri mövcuddur:
“Bu raketlər kiməsə satılmalıdır. Mətbuatda gedən məlumatlara görə, ola bilsin BƏƏ-lə Qətər həmin S-400-ləri alsın. Amma həmin sistemlərin satılması üçün Rusiyanın da razılığı olmalıdır. Deməli, təkcə müştəri tapmaq kifayət deyil. Moskvanın da razılığını almaq lazımdır ki, Türkiyə nəhayət S-400-dən xilas olub, ABŞ-dən F-16 qırıcı təyyarələrini ala, həm də F-35 proqramına qayıda bilsin”.
Müsahibimiz düşünür ki, ola bilsin Moskva məsələ ətrafında problem yaratmayacaq:
“Çünki onun məqsədi S-400-ləri satmaqdır, onu alanın Türkiyə, yaxud da hansısa ərəb ölkəsi olması Moskva üçün elə bir əhəmiyyət daşımır”.
Amma ekspert Türkiyənin F-35 proqramına qayıtmasını mümkünsüz hesab edir:
“Bu ən ağrılı məsələdir. Türkiyədən sonra bu prosesə başqa dövlətlər cəlb olunub və yenidən Ankaranı F-35 proqramına qaytarmaq çətindir. Ancaq digər məsələlərdə, o cümlədən S-400-lə bağlı məsələdə isə irəliləyişlərin olması mümkündür”.
Rüfət Sultan,
BakuPost