Nəsimi rayonu ərazisində kredit götürmək istəyən qadın dələduzluqla üzləşib.
"Bakupost" xəbər verir ki, qadın bankdan 11 min manat kredit əldə etmək üçün naməlum şəxslə əlaqə saxlayıb. Həmin şəxs kreditin ayrılmasına kömək edəcəyini vəd edərək qadından 2 min istəyib. Qadın pulu onun bank kartına köçürsə də, vəd edilən krediti ala bilməyib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dələduzluqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş C.Əzimov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, pul köçürmələri zamanı izini itirmək məqsədilə dostuna məxsus bank kartından istifadə edib.
Faktla bağlı araşdırma aparılır.
Lalə Novruz,
BakuPost