"ABŞ-yə gedən həkimləri ağır sınaqlar, böyük pullar gözləyir" - Dr. Yusif Hacıyev
874
Uzman doktor Turanə Rəsulovanın “Bakupost TV”də yayımlanan “Saturasiya” verilişinin növbəti qonağı ABŞ-nin Texas ştatında fəaliyyət göstərən tanınmış azərbaycanlı LOR və baş-boyun cərrahı Dr. Yusif Hacıyev olub.
Bakupost.az xəbər verir ki, bu, Dr. Yusif Hacıyevin “Saturasiya” verilişində qonaq qismində ikinci iştirakıdır. ABŞ-də fəaliyyət göstərən azərbaycanlı həkim bu dəfə də tamaşaçıların marağına səbəb olan bir sıra vacib məqamlara aydınlıq gətirib.
Verilişdə Dr. Hacıyev ABŞ-də tibb təhsili almağın və həkim kimi karyera qurmağın bütün mərhələlərindən danışıb, şəxsi təcrübəsini bölüşüb.
O, Amerika səhiyyə sisteminə inteqrasiyanın çətinlikləri, imtahan prosesləri, rezidentura mərhələsi, iş imkanları və akademik yüksəliş yolları barədə ətraflı məlumat verib. Hazırda Texas Universitetinin Tibb Bölməsində (UTMB) çalışan həkim ABŞ-də uğur qazanmaq üçün tələb olunan bilik, hazırlıq və rəqabət mühiti barədə də danışıb.
Dr. Hacıyev Amerika tibb təhsilinin yüksək standartlarından, tələbələr qarşısında qoyulan ciddi tələblərdən, elmi araşdırmaların və praktik bacarıqların əhəmiyyətindən bəhs edib.
Verilişdə ABŞ və Azərbaycan tibb sistemləri arasında müqayisələr də aparılıb. Qonaq qeyd edib ki, ABŞ-də tibb təhsili və səhiyyə sistemi daha geniş imkanlar, daha güclü elmi baza və daha yüksək texnoloji təminat üzərində qurulub. O, dünyanın müxtəlif ölkələrindən olan həkimlərin ABŞ-yə üz tutmasının əsas səbəblərini də izah edib.
Veriliş boyu xaricdə tibb təhsili almaq və beynəlxalq karyera qurmaq istəyən gənclər üçün vacib tövsiyələr səsləndirilib, bu ölkədə uğur qazanmağın yolları ətraflı şəkildə izah olunub.
Qeyd edək ki, Dr. Yusif Hacıyev ABŞ-nin Texas ştatında fəaliyyət göstərir, uşaq otorinolarinqologiyası və baş-boyun cərrahiyyəsi sahəsində ixtisaslaşıb, həm klinik, həm də akademik fəaliyyətlə məşğuldur.