Ru
16:28 / 10 İyun 2024

"Açar" CV necə olmalıdır? - İş axtaranların nəzərinə

1591

"Onsuz da CV-yə baxan yoxdur..." Bunu işsizlərin dilindən tez-tez eşidirik. Bu yazını oxuyandan sonra sizə aydın olacaq ki, onlar məhz belə düşündükləri üçün işsizdirlər.


Latın dilindən tərcümədə “şəxsin həyatının gedişatı" mənasına gələn "Curriculum Vitae", qısaca CV iş üçün müraciət edən şəxsin təhsil keçmişi, iş təcrübəsi, bəzənsə insani keyfiyyətləri və maraqları haqqında hərtərəfli bəyanatıdır. Peşəkar tərtib edildiyi halda açmayacağı karyera qapısı yoxdur.

Bəs "açar" CV necə olmalıdır? Suala cavab tapmaq üçün AzVision.az CV-yə baxanların - HR(eyç-ar) və karyera məsləhətçilərinin fikirlərini öyrənib.




“Avrora Qrup” şirkətinin insan resursları departamentinin direktoru Seymur Əhmədov deyir ki, CV ilk növbədə vizuallığı ilə diqqətçəkən olmalıdır.

Seymur Əhmədov: "Böyük şirkətlərin başlıqsız CV-ləri təhlil etməyə vaxtı olmur"

- Əksər hallarda CV-də piktoqramlardan, şəkillərdən çox istifadə olunur. Bu düzgün deyil. Peşəkar CV-lər şəkilsiz, maksimum sadə, gözü yormayan, ən əsası isə dəqiq olmalıdır. Əvvəlki iş yerləri, işdən ayrılma səbəbləri ilə bağlı məlumatlar, referanslar tövsiyə olunur. CV-də həqiqi bilik və bacarıqlar göstərilməlidir. Bəzən sənəddə iki və ya daha çox dili mükəmməl səviyyədə bildiklərini, müxtəlif kompüter proqramlarında işləməyi bacardıqlarını yazırlar, ancaq müsahibə zamanı aydın olur ki, əslində belə deyil,- həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, xüsusi sahələr müəyyən innovativlik tələb edir - məsələn, dizaynla bağlı CV-lərdə mütləq kreativlik önəmlidir.

CV-də mütləq müraciət edilən işin adı qeyd edilməlidir. Böyük şirkətlərin başlıqsız CV-ləri təhlil etməyə vaxtı olmur. Ona görə də vakansiyanın adı qeyd edilməyən CV-lər kənarda qalır.

CV hazırlayarkən "bilik və bacarıqlarım, vaxtilə tutduğum vəzifələr vakansiyanın tələblərinə cavab verirmi" sualı nəzərə alınmalıdır. Son vaxtların CV-lərində “Mənim sizin şirkətə töhfəm nə ola bilər” mövzusunda fikirlərə də yer verilir. Bu da bir üstünlükdür.





Karyera planlaması üzrə mütəxəssis Toğrul Ələkbərov bildirir ki, CV-də hər söz, hətta hər hərf iş axtarana xal qazandıra bilər.

Toğrul Ələkbərov: "Hamya eyni CV-ni göndərmək olmaz"

- CV sevgi məktubu kimi bir şeydir. Sən əgər eyni məktubu hər bəyəndiyin şəxsə göndərsən, o, dəyərsizləşəcək. Eyni CV ilə bir neçə şirkətə müraciət etmək effektiv olmaya bilər. Hər vakansiya özünə uyğun CV tələb edir. İşin təsvirini CV-yə yazmaq çox vacibdir,- deyə o sirri bölüşüb.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı Azərbaycanda ödənişsiz karyera məsləhəti xidməti göstərir. CV hazırlamaq istəyənlər müraciət edə və ödənişssiz dəstək ala bilərlər. Pulla CV yazdırmaq üçün isə azı 50 manat tələb edilir. Agentliyinin Mərkəzi Karyera filialının məsləhətçisi Mikayıl Tağıyev bildirir ki, vətəndaşlara daha çox rezüme lazım olur:





Mikayıl Tağıyev: "Böyük CV-ni oxumağa vaxt olmur"

- Azərbaycanda rezüme ilə CV arasında fərq qoyulmur. CV adətən akademik məqsədlər üçün hazırlanır. Rezüme isə iş üçün gərəkli sənəddir. CV-də tərs xronoloji ardıcıllıq olmalıdır. Hərf səhvlərinə qəti yol verilməməlidir. Şəkillər iş mühitinə uyğun geyimdə çəkdirilməli və keyfiyyətli olmalıdır. İdeal CV maksiumum 2 səhifə olmalı, lazımlı informasiyalar qeyd edilməlidir. Əksər hallarda 5-6 səhifəlik CV-ni oxumağa vaxt olmur. Bəzən müraciət edən şəxslərin seçdiyi sahə ilə bağlı təcrübəsinin olmadığını görürük. Məlum olur ki, müvafiq kurs və ya təlimlərdə iştirak imkanı olmayıb. Bu halda onları online resurslarla təmin edirik. Yəni ödənişsiz online kurslarda qeydiyyatdan keçirib, öyrənmələri üçün şərait yaradırıq.

CV-də nələri yazmamalıyıq?



İlkin Mirzəzadə: "Qaydalara riayət etsək, seçilmə şansımız artar"

"HR Hunter" şirkətinin təsisçisi və direktoru İlkin Mirzəzadə deyir ki, CV-də əvvəlki iş yerləri və müraciət edilən vakansiyaya uyğun gəlməyən vəzifələri qeyd etməyə ehtiyac yoxdur. Əsas odur ki, vakansiyaya uyğun olduğumuzu sübut edək. Dolğun CV ilə yanaşı, işə götürənə 2-3 cümləlik qısa müraciət ünvanlamaq lazımdır. Qaydalara riayət etsək, seçilmə şansımız artar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər