Ru
15:39 / 02 Avqust 2022

Azərbaycan kinosunun 124 dərdi... - Koma vəziyyətindən necə çıxaq?

4550
Bu gün Azərbaycan kinosunun yaranmasından 124 il keçir.


Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.



İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. bir bədii kinosüjetdən ibarət idi. Neftin sənaye üsulu ilə istehsalına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdı. 1915-ci ildə isə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.





Azərbaycanda kino yaradıcılığı sovet hakimiyyəti illərində ən parlaq dövrünü yaşadı desək yəqin ki, yanılmarıq. 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılıb.


Müstəqillik əldə etdiyimiz ilk illərdə kino sahəsində də ciddi problemlər yaşandı və düz 30 ildir ki, biz kino sahəsindəki bu problemi aradan qaldırmağa müvəffəq ola bilməmişik. Azərbaycan kinosu bu gün loru dildə desək, koma vəziyyətində qalmaqda davam edir.


Kinomuzun 30 ildir həll olunmayan əsas problemləri nədir və bu problemi aradan qaldırmaq, onu diriltmək üçün hansı vacib addımlar atılmalıdır?


Xalq artisti, kinoaktrisa Xalidə Quliyeva hesab edir ki, kinomuzda peşəkarlıq çatışmır:



“Kino istehsalında, idarəçiliyində peşəkarlıq azdır. Kino yaradılcılığında da istedadlar çatışmır. Bu, çox böyük və vacib problemlərdən birincisidir. İkinci ən böyük problem maliyyə problemidir ki, həmişə bununla qarşılaşırıq. "Kinoprokat" deyilən bir sistem var. Sovet vaxtı bu sistem çox uğurla fəaliyyət göstərirdi. Dünyanın hər yerində, bütün ölkələrdə zəif filmlər də çəkilir, amma o filmlər gedib əhəmiyyətli festivallara çıxarılır. Yer almasalar da bu yolla tanınırlar. Dünyada çox böyük nüfuza malik kino təşkilatları var. Bu gün kinomuzu diriltmək üçün atmalı olduğumuz addımlardan biri həmin təşkilatlara dövlət səviyyəsində, nazirliyimiz tərəfindən üzv olmağımızdır. Üzv olmalıyıq ki, sabah festivallar olanda bizə müraciət etsinlər. Əlbəttə ki, hər il üzvlük üçün müəyyən məbləğdə pul qoyulmalıdır və bu az məbləğ deyil. İndi bacarıqlı, istedadlı, gənclər var, kino çəkirlər, çalışırlar nəsə etsinlər. Dünya əhəmiyyətli festivallara gedib çıxa bilsinlər deyə onlara dəstək lazımdır. Əksəriyyəti öz hesabına çəkir və bu, kənardan çox acınacaqlı görünür. Onlar da məcbur olub müəyyən vaxtdan sonra Yutuba üz tutur. Qınamalı deyil, dolanmalıdılar. Bu vəziyyətdə böyük kinodan, sənətdan danışa bilmərik. Çünki kino ilk növbədə sənətdir. Biz kino ilə məşğul olan insanlar kinonu sənət səviyyəsinə çatdırmalıyıq”.


Yazıçı, ssenarist Cəlil Cavanşir Azərbaycanda kino sənayesinin inkişafdan qalmasını ölkədə kinoteatr probleminin həll olunmaması və səriştəsiz idarəçilik sistemi ilə izah edir:




“Əsas problem kinoteatr problemidir. Bu problem mütləq şəkildə həll olunmalıdır ki, rəflərdə toz basan filmlər böyük ekrana çıxsın. İkincisi, səriştəsiz idarəçilik sistemi ləğv olunmalı, bacarıqlı və kino üçün iş görmək potensialı olan insanlar idarəçiliyə gətirilməlidir. Ən önəmlisi isə dövlət kinoya bu şəkildə pul ayırıb, nəzarət etməməlidir. Müstəqil kino naminə büdcədən pul ayrılması dayandırılmalıdır. Çünki ayrılan pullar məlum adamlar tərəfindən "yeyilir". Nəticədə itirən Azərbaycan kinosu olur. Təbii ki, maddi-texniki baza, Kinostudiyanın faciəvi vəziyyəti də narahatlıq yaradır. Ancaq ilk addım olaraq, dövlət bölgələrdə kinoteatrlar tikməli, satılan, şadlıq sarayına çevrilən kinotearlar bərpa olunmalıdır”.


Kinoaktyor Kamran Ağabalayev isə hesab edir ki, Azərbaycan kinosunu komadan ancaq ayrılan maliyyənin aidiyyəti üzrə doğru xərclənməsi ola bilər:



“Əsas məsələ son 30 ildə maliyyənin aiddiyyəti üzrə xərclənməməsidir. Bu vaxta qədər ayrılan pullar hara xərclənib, necə xərclənib? Bilmirəm. Molla demişkən, bu puldursa, kino hanı, kino yoxdursa, pul hanı? Ən vacib addım sözün düzü, istedadlıları küsdürməməkdir.

Bir də anlamaq lazımdır ki, artıq kinonu mühüm silaha çevirmək vaxtı gəlib çatıb və çoxdan keçib. Dövlət kinonu sevməlidir ki, kinomuz ağ günə çıxsın. Kino idmançılar qədər sevilməlidir ki, ağ günə çıxaq”.


Rejissor Pərviz Həsənov hesab edir ki, kinonumuzun inkişafı üçün kino sahəsinin Mədəniyyət Nazirliyindən ayrılmalıdır:




“Azərbaycan kinosunun 30 ildə həll olunmayan əsas problemi kinonun Mədəniyyət Nazirliyindən ayrılıb ayrıca bir agentlik olmamasıdır. Belə bir agetlik yaradılmalı, onun öz büdcəsi olmalıdır. Dövlət kinoya dəstək verməlidir. Mütəmadi filmlər çəkilməlidir. İstehsal prosesi olmayanda film də olmur, film olmayanda kino mütəxəssisləri də olmur. Söhbət təkcə rejissor, operatorlardan getmir. Kino böyük istehsal prosesi olan spesifik bir sahədir. Bundan başqa şərait yaradılmalıdır ki, özəl sektorlar filmlər çəksin. Bunun üçün də sahibkarlar müəyyən mənada vergilərdən azad olmalıdır ki, o adamlar kinoya pul yatırmağa maraqlı olsun. Əks təqdirdə mümkün deyil. "Kino haqqında" qanun qəbul edilməlidir. Bildiyim qədərilə, 2000-ci ildən bəri "Kino haqqında" qanun qəbul edilməyib. Ölkədə kinoteatrlar tikilməlidir. İzləyici, tamaşaçı kinoya getməyi vərdiş halına gətirməlidir. Uzun sözü qısası, kino sənayeyə çevrilməlidir. Əks halda bir-iki nəfərin fədakarlığı ilə kinonu xilas etmək mümkün olmayacaq”.


Aktyor Sənan Əlləz isə Azərbaycan kinosunu indiki halda yox hesab edir:




“Mən indiki kinonun ögey övladı olduğum üçün onu yox sayıram. Doğmamı gözləyirəm və inanıram ki, o bir gün geri dönəcək. Ona görə də problemlərdən danışmağa dəyməz. O ki, qaldı 30 ildir həll olunmayan problemə, bu, mövzu, ssenari və dialoqdur. Yaxşı ssenaristlərə yol açmaq lazımdır”.

Aktyor Hikmət Rəhimov də hesab edir ki, maliyyə məsələsi həlli edilməyincə, kinonun dirçəlməsi mümkün deyil:




“Maliyyə, maliyyə, yenə də maliyyə. Bir də kino camiyəsinin başında duran adamlar kino camiyəsində çalışan adamları sevməlidir. 30 ildir bu sevgi yoxdur”.



Yazıçı, ssenarist Ülviyyə Heydərova kinonun problemlərinin çox olduğunu, amma bunları danışmaqla deyil, hərəkətə keçməklə həll etməyin mümkünlüyünə inanır:




“Azərbaycan kinosuna saysız-hesabsız prodakşn, ən son texnika, yaradıcı heyətə hər hansı bir filmi hazırlamaq üçün bütün məişət qayğılarından uzaq bir həyat, sağlam və maddi rifah diləyirəm! Azərbaycan kinosunun nümayişi və maddi durumunun yaxşılaşdırılması üçün Bakı da daxil olmaqla bütün regionlarda kinoteatrların açıılmasını arzulayıram! Müstəqil kinonun inkişafı üçün dövlətdən, şirkətlərdən dəstək gəlsə, nə gözəl olardı... Film kollektiv sənətdir. Yüksək səviyyəli filmlərin ərsəyə gəlməsi üçün təcrübəli kadrlara böyük ehtiyac var. Bu kadrların yetişdirilməsi üçün çox istərdim ki, Mədəniyyət Nazirliyi bir qrup gənci xaricə oxumağa göndərsin. Düzdür, ara-sıra master-klasslar keçirilir. Amma bu, kifayət deyil. 2-3 günlə təcrübələr az bölüşülür. Rejissorlara istədiyi filmi çəkməyi, ssenaristlərə istədiyi mövzunu yazmağı Uca Tanrıdan diləyirəm! Film kimi həyatımızda öz kinomuz olsun!”

Günel Musa
BakuPost
Şərhlər
  • Kino, ya artistizm Günel Xanım

    BİZ insan hüquqları müdafiəçisi və kapitalı ha zırlayan ölkəyik! Müasir texnologiya nisbətən ucuz, yüksək keyfiyyətli və səriştəli (professional) teleserial və filmlər çəkmək imkanı verir! Qalır təşkilatçı və təşkili? Geniş bədii dünyagörüşü, yüksək müasir texnoliji bilği və qabiliyyəti olan təşkilatçı rəhbər və ona dəstək hər məsələ operativ və mükəmməl həll edəcək! Elə yox ki, xarici maraqlı dairələrə lobbi ən cavan siYASƏTÇİni təqdim edir və o, da tezliklə bütün nailiyyətləri də onların mülahizəsi altına atsın ki, heç bir məsuliyyətsiz yön bildikləri tərzə çevirsinlər? 1986cı ildən yeni dövr Kreml taktikası hələ də çox yer və sahələrdə belə strategiya üzrə davam etdirilməkdədir?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər