Ru
15:51 / 06 May 2022

Azərbaycanda son 6 ilin ən böyük inflyasiyası - “Maaş artımı bahalaşmaya adekvat deyil”

3473
“Ölkəmizdə maaş artımı bahalaşmaya adekvat deyil. Çünki süni qiymət artımları davam edir”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.


Millət vəkili bildirib ki, ölkədəki bahalaşmanın qarşısını almaq üçün hökumət müəyyən addımlar atır:




“Azərbaycanda bahalaşma var, bunu inkar etmək mümkün deyil. Amma bu, təkcə Azərbaycanda gedən proseslərlə deyil, Rusiya-Ukrayna müharibəsi, o cümlədən dünyada gedən bahalaşma ilə əlaqədardır. Azərbaycan kifayət qədər məhsul idxal etdiyinə görə müəyyən bahalaşma baş verir. Çalışırıq ki, Azərbaycan ərzaq məhsullarını özü istehsal etsin. Buna nail olunmasa da, müəyyən işlər görülür.

Təbii ki, ölkəmizdə maaş artımı bahalaşmaya adekvat deyil. Çünki süni qiymət artımları var. Maaşları artırmaq digər tərəfdən inflyasiyaya səbəb ola bilər. Yəni, bir tərəfdən maaş artımı, digər tərəfdən süni qiymət artımları inflyasiyanı sürətləndirə bilər. Bunların hamısı tarazlaşdırılmış şəkildə həyata keçirilməlidir. Təəssüf ki, süni qiymət artımı var. Qarşısı alınmalıdır. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də monitorinqlər keçirir, yoxlamalar aparır, cərimələr edirlər.

Buna baxmayaraq süni qiymət artımı hələ də davam edir. Biz gözləyirik ki, Azərbaycanda inhisarçılığın qarşısını almaq üçün Rəqabət Məcəlləsi qəbul olunsun. Bu da müəyyən qədər qiymətlərə, bazara müsbət təsir edəcək. Yəqin ki, Milli Məclisə daxil olanda müzakirəsi olacaq”.


V. Əhmədov inflyasiyadan çıxış yolları ilə bağlı da danışıb:


“İnflyasiyanın müxtəlif səbəbləri var. Azərbaycana xaricdən kifayət qədər mal idxal edir. Bu malları biz istehsal edə bilmirik. Xaricdə də həmin malların qiyməti artdığı üçün bizə də kifayət qədər təsir edir. İkincisi, süni qiymət artımı kifayət qədər yüksəkdir. Bunun qarşısını almaq da çox asan məsələ deyil. İnflyasiya Türkiyədə 69.7%-ə, bəzi yerlərdə hətta 100%-dir. Azərbaycanda inflyasiya 2016-cı ildən bəri ən yüksək həddə, yəni 18-20% arasındadır. Bəzi məhsullarda isə hətta 50%-ə çatıb. Bu məsələ kompleks tədbirlər və dünyada gedən proseslərdən çox asılıdır”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər