Ru
13:31 / 25 Noyabr 2026

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə  şəklini yapışdırdılar - FOTO
Eye

Paytaxtın Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən binanın naxışlarla bəzədilmiş tarixi taxta qapısı sökülərək yerində şüşə konstruksiya quraşdırılıb. Maraqlısı budur ki, yeni qapının üzərinə köhnə qapının təsviri yapışdırılıb.

"Bakupost" xəbər verir ki, bu barədə memarlıq üzrə elmlər doktoru Elçin Əliyev məlumat yayıb.

Memarın paylaşdığı fotolarda tarixi qapı ilə onun yerinə quraşdırılmış yeni konstruksiya arasındakı fərq aydın görünür.

E.Əliyev bildirib ki, bu, son bir il ərzində tarixi memarlıq elementlərinin şüşə konstruksiyalarla əvəzlənməsinə dair ikinci belə cəhddir:

"Güman edirəm ki, bu, ölkənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri ilə baş verib. Hər gün öz mənzillərində təmir işləri aparan vətəndaşların axtarışında şəhəri dolaşan onlarla xidmət əməkdaşının mövcudluğu şəraitində şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil. Məncə, onlar sadəcə insanları və cəmiyyəti ələ salmaq qərarına gəliblər: tarixi qapını öz yerinə qaytarmaq əvəzinə, onun təsvirini şüşə konstruksiyanın üzərinə yapışdırıblar! Məgər tarixi irsin qorunmasının bu cür imitasiyası və ictimaiyyətin belə primitiv şəkildə aldadılması memarlıq abidələrini qorumağa məsul olan dövlət qurumları üçün məqbuldur? Dostlar, bu bizim şəhərimizdir və vicdansız insanların onu eybəcər hala salmasına imkan verməyək!
Son bir il ərzində tariximizi şüşə ilə əvəz etmək üçün artıq ikinci cəhddir! Əvvəlki cəhd zamanı mənə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri vasitəsilə susmağım müqabilində xeyli məbləğdə rüşvət təklif edilmişdi! Təbii ki, imtina etdim. Başqa cür ola da bilməzdi! Bu çirkin oyunlarda kimlərin iştirak etdiyini də bilirəm. Təəssüf ki, onların arasında tanışlarım da var idi. Odur ki, birbaşa obyektin sahiblərinə müraciət edirəm: özünüzü biabır etməyin və tarixi qapını öz qanuni yerinə qaytarın! Şəhərimizin tarixi üzərində qərar verməyə haqqınız yoxdur!".

Qeyd edək ki, hadisə Bakının tarixi-memarlıq irsinin qorunması, eləcə də şəhərin tarixi görkəminə münasibətlə bağlı geniş müzakirələrə və tənqidlərə səbəb olub.

"Bakupost" məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.

Lalə Novruz, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar