Ru
12:15 / 25 Noyabr 2022

Bakıdan Cənub harayı - Təbriz haqqında şeirlər

Bakıdan Cənub harayı - Təbriz haqqında şeirlər
Eye

Cənubi Azərbaycan mövzusu siyasi səbəblər üzündən iki əsrə yaxın müddətdə qadağan olunsa da, Azərbaycan ictimai fikrində, nəsr və poeziyasında hər zaman aktual olub. Ta Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı vaxtdan günümüzədək...

Taleyinə ayrılıq yazılan xalqın quzeyli-güneyli övladları Vətən həsrətini 200 illik bir dövrdə daim nəsr və nəzmə çəkiblər. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi və digər tanınmış qələm sahiblərinin sanballı əsərlər yaratdığı bu mövzunu sovet dövründə Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Mədinə Gülgün davam etdiriblər.

Ötən əsrin 70-ci illərində Ədəbiyyat İnstitunda, eləcə də Azərbaycan Yazıçılar İttifaqında cənib şöbələri açılıb. Bu mövzunun xüsusilə aktuallaşdığı həmin illərdə Fiktər Qoca, Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Balaş Azəroğlu və digər tanınmış qələm adamlarımızın yaradıcılığında Güneylə Quzeyin ayrılıq həsrəti, birlik, bütövlük arzusu xüsusi yer tutub.


Bakupost.az mövzunun aktuallığını nəzərə alaraq, tanınmış şairlərimizin Güney Azərbaycan mövzusunda yazdıqları şeirlərdən bəzilərini təqdim edir:


Süleyman RÜSTƏM


Təbrizim


Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.



Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə,

Təbrizim, Təbrizim, aman Təbrizim,

Yox olsun başından duman, Təbrizim!



Qədrini ayrılıq çəkənlər bilər,

Hicrində göz yaşı tökənlər bilər,

Ömrünə qaranlıq çökənlər bilər,

Bağından gül-çiçək dərdim, Təbrizim,

Yenə təzələndi dərdim, Təbrizim!



Nə qəşəngdir yol boyunca söyüdlər,

Söyüdlərin kölgəsində igidlər

Babalardan dinləyirlər öyüdlər,

Coşur damarlarda qanı, Təbrizim,

Yoxdur bu mərdlərin sanı, Təbrizim!



Ağlasan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm,

Varımı səninlə yarı bölərəm,

Gəl bir də üzündən öpüm, Təbrizim!

Başına gül-çiçək səpim, Təbrizim!



Nədir o mənalı, dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetimtək boynunu burma, Təbrizim!

Məlul-məlul baxıb durma, Təbrizim!



Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!





Məhəmmədhüseyn Şəhriyar


Azərbaycan


Könlüm quşu qanad çalmaz

sənsiz bir an, Azərbaycan.

Xoş günlərin getmir müdam

xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən

eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi

qəlbi viran, Azərbaycan.

Bütün dünya bilir -

sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub

mülki-İran, Azərbaycan.

Bisütuni-inqilabda

Şirin-vətən üçün Fərhad

Külüng vurmuş öz başına

zaman-zaman, Azərbaycan.

Vətən eşqi məktəbində

can verməyi öyrənmişik,

Ustadımız deyib

"heçdir vətənsiz can", Azərbaycan.

Qurtarmaqçün zalimlərin əlindən

Rey şümşadını

Öz şümşadın başdan-başa

olub al qan, Azərbaycan.

Ya Rəbb, nədir bir bu qədər

ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır

nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almısan, qəm almısan

sən İrandan, Azərbaycan.

Övladların nə vaxtadək

tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə,

oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından

kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol,

ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm,

sənə dərman, Azərbaycan!



Tərcümə edəni: Fikrət Sadıq





Rəsul RZA



Ərk qalası


Təbriz - gözəl şəhər!



Vuruşdular:

son gülləyə;

son süngüyə,

son qundağa qədər.

Vuruşdular:

hər şey qırmızı geydi,

daşdan, torpağa qədər.

Vuruşdular:

alt dodaqdan

üst dodağa qalxa bilməyən

səsə qədər.

Vuruşdular:

onlardan yeddi dəfə - yetmiş qat

artıq olan,

süngüləri narın daraq dişi kimi

sıx olan düşmənlə.

Yaralılar ufuldamadı.

Can verənlər inləmədi.

Susuzlar yandım demədi.

Öpdü qurumuş dodaqları

qan hopmuş torpağı.

Yaralarına basdılar

qan rəngli bayrağı.

Nə düşmən onlardan

bir aman sözü ala bildi,

nə bu ölümü yağı duydu,

nə qala bildi.

Söykənib qala divarına

öldülər ayaq üstə;

çiyin-çiyinə.

Ulduzlar şahid oldu,

bir sırada dayanmış

ölülərin qabağından,

yüz yerə bölünmüş dirilərin

çəkildiyinə.

Öldülər ayaqlarının altında

Vətən torpağı.

Başlarının üstündə

Vətən ulduzları.

Könüldən könülə keçdi

ümidləri, arzuları.

Gecə ağır-ağır keçdi

cənazələrin üstündən;

Keçdi getdi yolu səhərə.

Günəş şəfəqdən bir örtük çəkdi

torpağı qoruyub, torpaqda dincələn

cənazələrə.





Bəxtiyar Vahabzadə


Gülüstan poeması


(Bir parça)



İpək yaylığıyla o, asta-asta

Silib eynəyini gözünə taxdı.

əyilib yavaşca masanın üstə

Bir möhürə baxdı, bir qola baxdı.



Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınctək.



Öz sivri ucuyla bu lələk qələm

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.



O güldü kağıza qol çəkən zaman,

Qıydı ürəklərin hicran səsinə.

O güldü haqq üçün daim çarpışan

Bir xalqın tarixi faciəsinə...



...Tərəflər sakitdir, qəzəbli deyil,

Məhv olan qoy olsun, onlara nə var.

İmzalar atılır bir-bir, elə bil,

Sevgi məktubuna qol çəkir onlar.



Atıb imzasını hər kəs varağa,

əyləşir sakitcə keçib yerinə.

Eynəkli cənabla, təsbehli ağa,

Qalxıb əl də verir biri-birinə.



Onların birləşən bu əllərilə

Ayrılır ikiyə bir el, bir Vətən.

Axıdıb gözündən yaş gilə-gilə,

Bu dəhşətli hala nə deyir Vətən?



Bir deyən olmadı, durun, ağalar!

Axı, bu ölkənin öz sahibi var.

Siz nə yazırsınız bayaqdan bəri, -

Bəs hanı bu yurdun öz sahibləri?



Bəs hanı həqiqət, bəs hanı qanun?

Qocadır bu yurdun tarixi, yaşı.

Bəs hanı köksünə sərhəd qoyduğun,

Bir vahid ölkənin iki qardaşı?



Görək bu hicrana, bu müsibətə,

Onların sözü nə, qərəzi nədir?

Bu xalq əzəl gündən düşüb zillətə,

Öz doğma yurdunda, yoxsa kölədir?



Necə ayırdınız dırnağı ətdən -

Ürəyi bədəndən, canı cəsəddən?

Axı, kim bu haqqı vermişdir Sizə,

Sizi kim çağırmış Vətənimizə?



Neçə vaxt səngərdə hey ulaşdılar,

Gülüstan kəndində sövdalaşdılar.

Bir ölkə ikiyə

Ayrılsın deyə!..



Göy də guruldamış deyirlər o gün,

Çölləri, düzləri buludlar sarmış.

O göy gurultusu ulu Babəkin

Ruhuymuş,

hönkürüb fəryad qoparmış.



Gülüstan kəndinin gül-çiçəkləri

Bir günün içində soldu-saraldı.

"Gülüstan" bağlandı, o gündən bəri,

Bu kəndin alnında bir ləkə qaldı...

...Cənablar, bir anlıq düşündünüzmü?

Verdiyiniz hökmün ağırlığını?

Bu hökmün dəhşəti əllimi, yüzmü?

Biz necə götürək bu göz dağını?..



Başı kəsiləndə bu məğrur elin

Qəlbin ağrısını hiss etdinizmi -

Qoca Füzulinin, igid Babəkin

Etiraz səsini eşitdinizmi?

Cənablar, bir damcı mürəkkəblə siz

Düsünün, nələrə qol çəkmişsiniz?



Bir damcı mürəkkəb, bir vətəndaşı

Qanına bulayıb ikiyə böldü.

Bir damcı mürəkkəb olub göz yaşı

İllərlə gözlərdən axdı, töküldü.



Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə "ver" - dedi.

Lap yaxsı eləyib doğrudan, bizə

Biri "baran" - dedi, biri "xər" - dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma dalımızca gileyləndilər.



Hökmü gör nə qədər böyükmüş anın

Möhür də basdılar varağa təkrar.

Yox, varağın deyil, Azərbaycanın

Köksünə dağ boyda dağ basdı onlar...



...Qarışıb gözümdə, qarışıb aləm

Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.

Arazın üstündən keçə bilmirəm,

Araz dərdim olub sinəmdən keçir.



Taxta dirəkləri torpağa deyil,

Qoydular Füzuli divanı üstə.

Yarıya bölündü yüz, yüz əlli il

Gəraylı, bayatı, muğam, şikəstə.



Dəmir çəpərləri eşqim, diləyim,

Tarixim, ənənəm üstə qoydular.

Yarıya bölündü canım, ürəyim,

Yarıya bölündü Arazda sular.



Taxta dirəkləri qoydular ax, ax!

Qəlbimin, ruhumun, dilimin üstə.

Biz güldük, ağladıq, yenə də ancaq

Bir sazın, bir telin, bir simin üstə.



Ürəkdən ürəyə körpü? Bir dayan!

Dərdimiz dinirsə, bir sazın üstə

Şəhriyar yaralı misralarından

Körpü salmadımı Arazın üstə?!



Bu taydan o taya axışdı seltək

Gözə görünməyən könül telləri.

Bu selin önünü nə çay, nə dirək

Kəsə bilməmişdir yüz ildən bəri.



Ağalar bilmədi birdir bu torpaq

Təbriz də, Bakı da Azərbaycandır.

Bir elin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır.



Böl, kağız üstündə, böl, gecə-gündüz,

Torpağın üstünə dirəklər də düz,

Gücünü, əzmini tök də meydana,

Qosundan, silahdan sədd çək hər yana.

Torpağı ikiyə bölərsən, ancaq

Çətindir bədəni candan ayırmaq!..



1959



Balaş Azəroğlu



Sənin torpağınam


İlk dəfə şeirimdə adını yazdım,

Dedim, torpağınam, vətən, daşınam.

Ağır günlərində dərdinə dözdüm

Dözdüm, fəxr etdim ki, vətəndaşınam.



Mən sənin yolunda oda atıldım,

O günlər ömrümdə mənalı gündü.

Fədai də oldum, şair də oldum

Gözümə hər yerdə vətən göründü.



Dilimdən düşmədi adın bir gün də

Həsrətin qəlbimdə ümidə döndü.

Çox zaman ürəyim döyünməyəndə,

Köksümün içində vətən döyündü.



İlk sevgim sən oldun bu yer üzündə,

Yəqin, son sevgim də sən olacaqsan.

Bir dünya məna var "vətən" sözündə

Sən babamdan qalan odsan, ocaqsan.



Mən də ilk şeirimdə adını yazdım,

Yazdım: torpağınam, vətən, daşınam.

Nə yaxşı adına oxşayır adım

Nə yaxşı ən sadə vətəndaşınam.





Mədinə Gülgün


Kaş sənlə keçən günlərimi qaytara dövran,

Sənsiz sinəmə gör necə vurmuş yara dövran.

Zənn eylər idim bəxtimizə gün doğacaqdır,

Gör hardan alıb saldı səni bir hara dövran...



Hey yollara baxdıqca gözüm doldu, boşaldı,

Hicran sitəmiylə səni saldı tora dövran,

Əhd etmiş idim munisimiz ilk bahar olsun,

Etdi necə qismət gülümü yadlara dövran.



Eylər ikən hər kəslə müdara soruşun bir:

Təkcə məni neyçün gətiribdir zara dövran?

Gülgün, bilirəm dözməyə var səndə dəyanət,

Vursa yara üstündən əgər min yara dövran!





Xəlil Rza ULUTÜRK



Apardı Sellər Saranı


"Arpa çayı aşdı, daşdı,

Sel Saranı aldı, qaçdı.

Sürmə gözlü, qələm qaşlı,

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.



Gedin deyin Xançobana;

Gəlməsin bu il Muğana.

Muğan batdı nahaq qana.

Apardı sellər Saranı,

Bir uca boylu balanı".



Yox, bunu görməyin Araz çayından,

Kim deyir Saranı sellər apardı.

Şahənşah bağından, Qış sarayından

Yurduma uzanan əllər apardı.

Süngülər qəlbləri dəlib keçəndə

Qansız cəlladların qəlbimi yandı?

Bakı bağlarından gəlib keçəndə,

Gördü ağ şanımı, ağzı sulandı.



Qucağı səfalı gözəl bağlarım,

Dişləri göynəyən buz bulaqlarım,

Hər ləpəsi qızıl Arazım, Kürüm,

O ziyad balığım, həşəmim, kürüm,

Çöllər yaraşığı şux ceyranlarım...

Sərin yaylaqlarım, sıx ormanlarım,

Mərəndin, Şəkinin gülü-gülzarı,

Böyük Füzulinin əlyazmaları,

Aran turacları, dağ kəklikləri,

Qəzvinin, Makunun gözəllikləri,

Ürəklər yandıran kamanım, tarım.

Yeraltı, yerüstü Ermitajlarım,

Öküz dərisinə yazdığım yazı,

O Babək qalası, bu Qız qalası,

Hər daşın altında sərvətim, zərim,

Boğçada cehizlik mirvarilərim,

Lap o gümüş camım, zərli fincanım,

Dünyanın behişti Azərbaycanım

İştaha gətirdi qəsbkarları,

Yağlı quyruq gəzən canavarları.



Kəsildi bağlarda bülbülün səsi,

Yad atlar tapdadı, bağı, bostanı.

Yazıldı "Gülüstan müqaviləsi"

Pozuldu yurdumun min gülüstanı.



Bir yanda şahənşah, bir yanda da çar,

Qan ilə yazdılar sülh qərarını.

Tikanlı məftillə sarıdı onlar

Böyük bir millətin yaralarını.



Gürşad tökdü, tufan oldu,

Araz daşdı, ümman oldu.

Qayaları al-qan oldu

O sahildə, bu sahildə.



Ölkə yandı, Vətən yandı,

Qızıl pultək xırdalandı.

Dövlət getdi, var talandı

O sahildə, bu sahildə.



Bir-birindən cüda düşdük,

Diri gözlü oda düşdük.

Biz yadlara neyləmişdik

O sahildə, bu sahildə.



Füzulim bir qəmli neydi,

O birdəmi qara geydi?

Yarasına kimlər dəydi

O sahildə, bu sahildə?



"Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.

Oyadar xəlqi əfqanım"

O sahildə, bu sahildə!



Ürək dustaq, Vətən məhbəs,

Hanı Babək, Cavanşir bəs?

Həyat bu cür qala bilməz

O sahildə, bu sahildə!



Nə həsrət, nə hicran olsun,

Vahid Azərbaycan olsun!

Qoy birləşsin bir can olsun

O sahil də, bu sahil də.



1960




Söhrab Tahir


Daha


Dərdi dərd olmuşdur elin də mənə,

Ağladım bir naşı güləndə mənə,

Heç kəs ağlamasın öləndə mənə,

Mən heç vaxt, heç zaman ölmərəm daha.



Azad qardaşım var, onunla xoşam,

Mən gərək sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam

Çöpü də ikiyə bölmərəm daha.



Dənizlər, dəryalar mənə dayazdır,

Ən dərin bir çay var, o da Arazdır.

Mənə görüş verin, azadlıq azdır

Görüşsəm ayrılıq bilmərəm daha.



Mənim səadətim hardasa itdi,

O asan gəlmişdi, asan da getdi,

Mənə nə etdisə səadət etdi,

Bədbəxt səadətə gülmərəm daha.


Sabir Rüstəmxanlı

"İnansa, Təbriz deyil!" şeiri




Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı,
Farsın işğalıdı bu! Mollanın nə günahı?
Din adına irtica! Bu ki yalan söz deyil!
Təbriz buna inanmaz! İnansa Təbriz deyil!
Daşlarda tarix gəzir, kimindi daş, bilinməz,
Əxlaqı daş dövründə - bacı-qardaş - bilinməz!
Anasına göz dikər, yenə oğraş bilinməz!
Ey bunu tarix sayan! Əyyami-Kəmbis deyil!
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!
Bu yurd türkün torpağı! İzləri itmir hələ!
Əkdiyin şər toxumu göyərib bitmir hələ,
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!?
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!
Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan,
Təxti-Cəmşidin ki var! Əl çək bağ-bostanımdan
Mənimki Ərdəbildi, Marağadı... Şiz deyil!
Təbrizin gözü toxdu! Ac olsa, Təbriz deyil!
Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Mugana,
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!
Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin,
Əl yetsə dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz! İsinsə, Təbriz deyil!
Fars türkü öz içində əritsin - Nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin -Nə vaxt olub?
Ağlayan cocuğumu kirutsun- Nə vaxt olub?
Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!
Firdövsinin sözü də tarixdən bir namədi,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm "Şahnamə", həm də "Turannamə"di,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!





Elnur
BakuPost

Şərhlər
  • Uğur cabbarlı

    Az idi amma qəşəngdir tövsiyə edirəm

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar