Ru
10:25 / 07 İyul 2022

Bənzərsiz səsilə ölkəmizi təmsil edən gənc muğam ifaçısı

2244
Əslən Laçından olan Yusif Cəfərbəyli 2000-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. O, 2017-ci ildə Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsi üzrə təhsil alır.


Yusif kiçik yaşlarından musiqiyə bağlanıb. Niyazi adına 22 saylı musiqi məktəbində Xalq çalğı alətləri şöbəsinin əvvəlcə tar, daha sonra isə xanəndəlik siniflərində təhsil alıb. İstər orta məktəbdə, istərsə də ali məktəbdə oxuduğu illərdə sosial-ictimai işlərdə fəallıq göstərən gənclərdən olub. Təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri kimi fəaliyyət göstərib.


Dəfələrlə tələbələrlə cəbhə bölgəsinə səfərlər ediblər. 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və UNEC-in birgə təşkilatçılığı ilə həyata keçirilən "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!" Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası çərçivəsində cəbhə bölgələrinə gedib. Bu aksiyanın fəal iştirakçısı kimi müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılıb.


Universitetin Yaradıcılıq Mərkəzinin üzvü olan Yusif Cəfərbəyli musiqi sahəsində də böyük uğurlar əldə edib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin birgə həyata keçirdiyi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində "N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası" nominasiyasında birincilik qazanıb.


2019-cu ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Tələbə Baharı" tələbələrin XII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında II yerə, 2020-ci ildə isə XIII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında I yerə layiq görülüb.


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan olunması münasibətilə universitetin Yaradıcılıq mərkəzinin xətti ilə o, Türkiyənin paytaxtı Ankara şəhərində Nəsimiyə həsr olunmuş tamaşada Nəsiminin qəzəllərini muğam üstə ifa edib. İfası böyük alqışlarla qarşılanıb. O, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən "Təşəkkürnamə" və üzərində Nəsiminin rəsmi olan bürünc xatirə pul nişanı ilə təltif edilib. Y.Cəfərbəyli bu illər ərzində bir sıra layihələrin həm iştirakçısı, həm də təşkilatçısı olub.


2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi "Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində qrup rəhbəri seçilib və düşərgənin yekununda fəxri fərmanla təltif edilib.


Gənc tələbə Heydər Əliyev adına "Azərbaycan-Qazaxıstan" Respublika Dostluq Cəmiyyətinin üzvüdür və keçirilən tədbirlərdə fəal iştirak edir. Y.Cəfərbəyli 2018-ci ildə Azərbaycan Tələbələrinin II Qurultayına nümayəndə seçilib.


Bu günlərdə Türkiyənin İstanbul şəhərində "Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Birinci Həmrəylik Forum"u keçirilib. Gənc muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan Respublikası Gənclər Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və "Pakistan-Türkiyə Dostluq Dərnəyi"nin birgə təşkilatçılığı ilə həyata keçirilən bu forumda iştirak edib. Forumun əsas məqsədi üç ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin gənclərin iştirakı ilə daha da möhkəmləndirilməsindən və üçtərəfli platforma vasitəsilə ölkə həqiqətlərinin beynəlxalq səviyyədə təbliğindən ibarətdir.


Yusif Cəfərbəyli deyir ki, gənclərin mötəbər məclisində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı qələbədən, tarixi Şuşa Bəyannaməsindən, eyni zamanda Türkiyə və Pakistan parlament sədrlərinin ötən il imzaladığı sənədin ölkələrimiz arasındakı münasibətlərin inkişafına verdiyi töhfədən danışılıb, bu sənədlərin üç ölkə gənclərinin daha sıx şəkildə əməkdaşlıq etməsi, birgə çalışması üçün zəmin yaratdığı qeyd olunub.


Forum çərçivəsində üç ölkənin tarixi və mədəni irsi, üçtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında da təqdimatlar olub, yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.


Yusif Cəfərbəyli forumda çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı qələbə ilə bağlı fikirlərini söyləyib və öz ifasında xalq mahnılarımızı və milli-mənəvi sərvətimiz olan muğamlarımızı forum iştirakçılarına təqdim edib.


Səfər çərçivəsində iştirakçılar İstanbulun Haliç Universitetində "Şuşa-Türk Dünyasının Mədəniyyət Paytaxtı" mövzusunda fotosərginin açılış mərasiminə də qatılıblar. Onlar İstanbulda yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət ediblər.



E.YƏHYAYEV,
"Azərbaycan"
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər