ABŞ-nin Ohayo ştatında dəhşətli tibbi səhv baş verib.
"Bakupost" "Unikal"a istinadən xəbər verir ki, həkimlər əməliyyat zamanı qadının sağlam ayağını səhvən amputasiya ediblər.
Şeron Ceks xəstəlik səbəbilə sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası üçün əməliyyata alınıb. Lakin həkimlər səhvən onun sol ayağını kəsiblər.
Maraqlısı isə odur ki, əməliyyatdan əvvəl amputasiya edilməli olan sağ ayaq düzgün şəkildə işarələnmişdi. Bundan əlavə, əməliyyatdan əvvəl təhlükəsizlik məqsədilə iki dəfə yoxlama proseduru keçirilib. Buna baxmayaraq, səhv vaxtında aşkarlanmayıb.
Səhv məlum olduqdan sonra qadının xəstə olan sağ ayağı da amputasiya edilib. Beləliklə, Şeron Ceks hər iki ayağını itirib.
Xəstəxananın daxili araşdırması nəticəsində hadisənin qarşısının alına biləcəyi və təhlükəsizlik qaydalarının pozulduğu müəyyən edilib. Səhvə görə məsul əməkdaşlar isə artıq xəstəxanada çalışmırlar.