Fevralın 4-12-sində ABŞ ordusu bu ölkənin səmasında dörd naməlum obyekti vurub. Lakin bu obyektin mənşəyi ilə bağlı dəqiq məlumatlar yoxdur. Bəziləri bunu Çinin kəşfiyyat şarları, bəziləri isə daha da irəli gedərək, yadplanetlilərin obyektləri kimi təqdim edirlər.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, böyük ehtimalla bu obyektlər kəşfiyyat məqsədli hava şarlarıdır.
Onun sözlərinə görə, bu obyektlər daha çox ABŞ və Kanada ərazisində müşahidə olunub:
"Artıq onların ABŞ hərbçiləri tərəfindən məhv edildiyinə dair rəsmi açıqlamalar mövcuddur. Hər halda bu obyektlərlə bağlı konkret fikir yürütmək üçün onların qalıqlarını yoxlamaq lazımdır".
Ekspert qeyd edib ki, həmin uçan obyektlərin elektron, optik və müşahidə cihazlarının markasını əldə etməklə konkret fikir söyləmək olar:
"Amma böyük ehtimalla bu kəşfiyyat məqsədilə həyata keçirilən fəaliyyət olub. ABŞ bu məsələdə Çini günahlandırır. Hətta birinci hava şarı vurulanda Çin buna etiraz da etmişdi. Rəsmi Pekin bu şarların kəşfiyyat deyil, sadəcə meteoroloji məqsədlərlə buraxıldığını və trayektoriyasını dəyişərək ABŞ-ın sərhədlərinə keçdiyini bildirir. Burda hər iki tərəf bir-birinə əks mövqelər ortaya qoyur. Qalıqları əldə etməyənə qədər qəti fikir bildirmək doğru olmaz. Sübutlar üçün hava şarında yerləşdirilən avadanlıqların tərkibi araşdırılmalıdır. Hələ ki ABŞ tərəfi məsələni araşdırır".
Əfsanə Rəcəb
BakuPost