Hollandiyanın Səhiyyə, rifah və idman üzrə dövlət katibi Maarten van Ooijen qəribə addımı ilə gündəmə gəlib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, 32 dövlət katibi ölkədəki evsizlərin problemlərini birbaşa onlardan öyrənmək istədiyi üçün ilginc üsul seçib. O, geyimini və adını dəyişdirərək “bomj”ların arasına qatılıb və evsizlər üçün ayrılan xüsusi yataqxanada gecələyib.
Dövlət katibi orada bomj kimi qeydiyyatdan keçib. Beləliklə, həm evsizlərlə söhbətləşib, həm də ölkədəki xüsusi yataqxanalarda insanlara göstərilən xidmətin səviyyəsini öyrənmiş olub.
O, ertəsi gün yaşadığı təcrübələri sosial şəbəkədə paylaşıb. Siyasətçi tər qoxusu, xorultu kimi problemlərlə üzləşsə də, yataqxanadakı sosial işçilərin fəaliyyətindən məmnun qaldığını bildirib. Maarten van Ooijen etiraf edib ki, yataqxanada ikən bir anlıq heç nəyə sahib olmadığı və həqiqətən evsiz olduğu hissinə qapılaraq qorxub və evsizlərin nələr yaşadığını daha yaxşı başa düşüb.
Dövlət katibinin problemi yerində aşkarlamaq cəhdi geniş müzakirələrə səbəb olub. Onun bu addımını müsbət qarşılayanlarla yanaşı, tənqid edənlər də var.
Aysel
Baku Post