Xəbər verdiyimiz kimi, Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan 130 nəfər işdən çıxarılıb. İşdən azad olunan şəxslər buna etiraz edib və bildiriblər ki, işsiz qaldıqları üçün ailələrini dolandıra bilmirlər. Kürdəmir Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, ixtisarlar struktur dəyişikliyi ilə bağlıdır və növbəti həftədə daha bir neçə şəxsin işdən çıxarılması gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Abşeron rayonunda da oxşar vəziyyət yaranmıdı. Belə ki, Abşeron Sukanal İdarəsində əməkdaşların kütləvi şəkildə ixtisarı onların etirazına səbəb olmuşdu. İşdən çıxarılanlar idarə qarşısına toplaşaraq narazılıqlarını bildirmişdilər.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, kütləvi ixtisarlar digər rayonlarda da həyata keçiriləcək. Artıq bununla bağlı bütün rayonlarda Suvarma Sistemləri İdarəsinin işçilərinə bildirişlər göndərilib. İşçilərə öz ixtisaslarına uyğun başqa bir ünvanda iş axtarmaları tövsiyə edilib.
Əldə etdiyimiz məlumata görə, artıq Qəbələ Sukanal İdarəsində də ixtisarlar həyata keçirilib. Burada 10-15 ildən artıq "Azərsu"da çalışan işçilər işlərini itiriblər.
Qeyd edək ki, ixtisarlar bölgələrdə keçmiş "Azərsu" və Meliorasiya və Su Təsərrüfatı İdarəsinin yerli strukturlarının birləşdirilməsi və regional idarələrin yaradılması ilə əlaqədardır.
İxtisarların miqyasına gəlincə, nəzərə alsaq ki, təkcə Kürdəmirdə 130 nəfər ixtisar olunub, digər rayonlarda da işini itirənlərin sayının təxminən 100 nəfər civarında olacağı gözlənilir.
Ümumiyyətlə, "Azərsu" və Su və Meliorasiya İdarəsinin fəaliyyət göstərdiyi dövrdə iki qurumun işçilərinin ümumi sayı 27 min nəfərə yaxın idi. Bu qurumlar birləşdirildikdən sonra işçilərin sayının yarıbayırı azalacağı bildirilir.
Qeyd edək ki, "Azərsu" ASC-nin bazasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılıb. Bu Xidmət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərir.
Digər şəhər və rayonlara gəlincə, orada "Azərsu" və Su və Meliorasiya İdarəsinin yerli qrumları birləşdirilərək vahid su idarələri yaradılacaq.
Beləliklə, aparılan ixtisarlar Bakıda və bölgələrdə on minlərlə insanı əhatə edəcək. Hazırkı ixtisarlar və Dövlət Su Ehtiyatları Agentliyinin işçilərinin say həddi də bunu deməyə əsas verir. Belə ki, Agentliyin Aparatının işçilərinin say həddi cəmi 170 ştat vahidi müəyyən edilib. Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi isə cəmi 146 ştat vahidi (o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi) müəyyən edilib.
Zaur, BakuPost