Ru
23:00 / 01 Sentyabr 2022

Əli Əliyev türmədə adam döyüb?

4862
Əli Əliyev türmədə adam döyüb? Bir az ciddi ittiham tapın da!


İlk başda münasibətimi bildirim, sonra mətləbə keçərəm: Əli Əliyevə qətiyyən xüsusi simpatiyam yoxdur, hətta adamı “bir balaca” yalançı, hay-küyçü sayıram, virtual aləmdə baş verən bir hadisədən sonra isə ümumiyyətlə onunla bağlı fikrim mənfidir.
Hadisə belə olmuşdu: aylar öncə adını çəkmədən, kim olduğuna işarə belə etmədən bir yüngül, zarafatvari kiçik bir status qoymuşdum, tənqid vardı əlbəttə, amma gülmək üçün idi. Adam 3 sutka yatıb-oturmadan ona cavab yazmaqla, müxtəlif feyk profillərdən özünümüdafiə ilə, hücumla məşğul oldu – həm özünü ifşa etdi ki, o statusda nəzərdə tutulan odur (halbuki buna qəti gərək yox idi), həm də israrla “mahiyyətdən yayınmaqda” ittihama girişdi. Axırda da “tam yəqinləşdirdi“ ki, bunu kimlərinsə tapşırığı ilə etmişəm.
Təbii ki, heç bir cavab yazmadım, sadəcə, qabağına çıxanı “darmadağın etməklə” məşğul olan bir siyasətçinin özünə qarşı ad çəkilmədən yüngül bir zarafata verdiyi reaksiyadan şəxsin kimliyini müəyyən etdim özüm üçün.


Yəni biləsiniz – Əli Əliyevi müdafiə etmək ağlımın ucundan da keçəsi deyil. Ancaq bu, həqiqətin yanında olmağımıza mane ola bilməz. Əli Əliyevlə bağlı bu gün yayılan məlumatı nəzərdə tuturam. İddia edilir ki, Əli Əliyev dustaq yoldaşına qəsdən ağır xəsarət yetirib.
Hələlik rəsmi açıqlama yoxdur və Əli Əliyevi buna görə ittiham edib-etməyəcəkləri də bəlli deyil. Bəlli olan budur:


Əli Əliyev haqda xüsusi ittiham qaydasında irəli sürülən iddiaları hələ o zaman araşdırmışdım. O, “nə qədər ki, rəsmi mövqe yoxdur, bu iddiaları səsləndirməkdə haqlıyam” deyə, ifadə etdiyi fikirlərin həqiqət olmadığını özü demişdi; adam qətiyyən “fakt deyirəm” kimi bir iddiada deyildi, “ehtimalımdır”, “iddiamdır”ı az qala hər cümləsinin başında da, ayağında da vurğulamışdı. Bu mənada onun helikopter qəzası haqda səsləndirdiyi və həqiqətdən uzaq olan iddialarına görə həbsi qətiyyən qanunvericiliklə uyğun gəlmir.


Normal məhkəmə sistemində DSX zabitlərinin o iddiasını məhkəmə sadəcə, qəbul etməzdi. Ancaq bizdə nəinki qəbul etdilər, 5 ay birinin, 1 ay da digərinin iddiası üzrə həbs verdilər.
Digər tərəfdən: 2 illik həbs cəzası nəzərdə tutan cinayət əməllərinə görə adətən həbs verilmir və cəza növü dəyişdirilir – məsələn, maddi cərimə, yaxud üzr istəmək, yainki islah işlərinə cəlb, nə bilim, saathesabı küçə süpürdürmək...


O qədər cəza növü var ki! Əgər bir adamın cəzası 5+1 aydırsa, o deməkdir ki, cəmiyyət üçün xüsusi təhlükəli şəxs deyil, onun həbsinə ehtiyac yoxdur.
Bu iki ardıcıl “prosesdən” sonra Əli Əliyev daha bir iddia ilə üzləşdi: YAP-ın Binəqədi təşkilatının sədri vardı, Ramiz Göyüşov, onun tələbi ilə VİP sədrinin cəzasını daha 6 ay artırdılar.


Ramiz Göyüşov sosial şəbəkələrdə intim videosu yayılan və buna görə YAP-dan qovulan şəxsdir. Məhkəmə iddiaçının kimliyinə belə qiymət vermədi, dəyərləndirmədi, onun YAP-dan qovulması ilə ictimai mahiyyətini itirdiyini də yada salmadı – sadəcə, Əli Əliyevin cəzasını daha 6 ay artırmaq üçün bundan istifadə etdi, vəssalam.


Əli Əliyev 13 yanvarda həbs edilib, azadlığa çıxmasına – günəgün yatarsa – 4 ay qalıb və bu zaman onun dustaq yoldaşına “hücum etdiyi” dövriyyəyə buraxılır.
Artıq hər kəsə tamam-kamal bəlli olur ki, Əli Əliyevi azadlıqda görmək istəməyənlər var.


Yaşım-başım və müşahidələrimə əsasən tam səmimi bir söz demək istəyirəm: bu ölkədə bu cür məzələnməklə, ələ salmaqla adamın həbsdə saxlanması heç bir halda təsadüf, kiminsə xoşu və ya naxoşu ilə olmur: adamı boşuna bu cür gülünc iddialarla həbsə də atmırlar – mütləq və mütləq ciddi, hətta çox ciddi, mühüm səbəb olur.


İndiyə qədər qarşıma çıxan səbəblər: maddi bağı olan dairə ilə aralarında yaranan maliyyə “böhranı”, tanınan həddən daha yuxarı “tullanma” cəhdi, siyasi xəta, milli maraqlara zərbə, xarici qüvvələrin əlinə oynama və s. və i.a.


Əli Əliyevlə nə baş verib – ictimaiyyət bilmir, ancaq bəlli şəxslərə səslənmək istəyirəm: Əli Əliyevlə özünüz bilərsiniz, ancaq cəmiyyətə ismarış verməyi bacardınız ki, VİP sədrinin indi çəkdiyi cəzanın səbəbi qətiyyən onunla bağlı irəli sürülən iddialar deyil.
Bunu bildik, çox gözəl aydınlaşdırdınız: indi Ə.Əliyevin həbsinin əsl səbəbini açıqlamağınız vaxtıdır. Çünki çox məzələndiniz, vallah, Avropa Məhkəməsinə-zada gedəcək, ölkəmiz haqda heç də yaxşı rəy yaranmayacaq.


Ya onu “şərlənib həbs yatan qatı müxalifət lideri” kimi yetişdirmək istəyirsinizsə, alınmayacaq: onun o potensialı, savadı, qabiliyyəti yoxdur, imkanları, həyatı, yaşamı və intellekti də həsəd aparacaq səviyyəyə heç yaxın da düşmür, əksinədir.

Sizə kim deyib ki, hər soyadı “Əliyev” olan lider ola bilər?
Şərhlər
  • Cammat

    Ay hökumət kişilik edin bu BÖYÜK KİŞİNİİ azad edin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər