3 May – Türklük Günü ərəfəsində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi tərəfindən təsis edilən “Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün təqdimetmə mərasimi keçirilib.
Mərasimdə “Türk dünyasına xidmət” sahəsində uzun illər göstərdiyi fəaliyyətə görə tanınmış jurnalist, ictimai xadim Elməddin Behbud bu nüfuzlu mükafata layiq görülüb.
Elməddin Behbud təltiflə bağlı oz sosial şəbəkə hesabında paylaşım edib:
“Dəyərləndirilmək, özü də sadəcə hansısa rəsmi qərara görə deyil, könüldən bağlı olduğun və illərdir uğrunda çalışdığın sahə ilə bağlı təqdir olunmaq insanı daha çox işləməyə, millətinə və dövlətinə daha çox faydalı olmağa təşviq edir.”
O, onu bu mükafata layiq görən CASCFEN başqanı, həmkarı Nadir İsmayılova və münsiflər heyətinin bütün üzvlərinə təşəkkürünü bildirib.
E.Behbud həmçinin türklüyə ömrünü həsr etmiş dəyərli alim Ramiz Əsgərin xatirəsini ehtiramla yad edərək bildirib:
“Allah həyatı türklüyə xidmətlə keçən dəyərli alimimiz Ramiz Əsgərə rəhmət eləsin. Qəlbimiz hər zamankı kimi türk dünyası ilə döyünür!”
Qeyd edək ki, bu il ilk dəfə təqdim edilən “Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü” türk kimliyinə, dilinə və mədəniyyətinə xidmət göstərən şəxsiyyətləri təqdir etmək məqsədilə təsis olunub.