Ru
10:06 / 04 İyul 2024

Ev almaq istəyənlərə şad xəbər - Ucuz mənzillərin sayı artacaq

3591
Məlum olduğu kimi, kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq ediləcək. Bu məqsədlə yeni elektron portal hazırlanır. Sözügedən portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək.




Mövzu ilə bağlı Bakupost.az -a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, amnistiya qanunla icazə verilməyən yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək:


“Bir sıra torpaq sahələri və yaşayış massivləri var ki, o sahələrə çıxarışların verilməsi qeyri-mümkündür. Yüksək gərginlikli elektrik enerjinin və aktiv neft buruqlarının yanında, iki dəmir yolu xəttinin arasında olan evlər də sənədləşdirilməyəcək. Həmçinin, vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil. Amma insan sağlamlığına və fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək".


Ekspert qeyd edib ki, amnistiya reallaşsa, bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq. Təbii ki, bu da əmlak bazarında ciddi canlanmaya səbəb olacaq:


“Əvəllər əmlak bazarında nağd mənzil alanların sayı kifayət qədər idi. İndi isə vətəndaşların çoxu kreditlə mənzil almağa üstünlük verirlər. Son illər əmlakların böyük əksəriyyəti ipoteka və digər kreditli şərtlərlə satılıb. İpoteka və Zəmanət Fondunun ayırdığı kreditlərin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərini əhatə edib. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün mütləq şəkildə onun mülkiyyət hüququnu təsdiq edən sənədi olmalıdır. Bələdiyyə torpaqları üzərində tikilən evlərin böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu səbəbdən də vətəndaşların bu yaşayış sahələrini kredit vasitəsilə əldə etmək imkanı məhdudlaşır. Bu baxımdan, əgər sözügedən amnistiya reallaşsa, bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq. Bu da öz növbəsində əmlak bazarında canlanma yaradacaq”.


Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər